Mütəxəssisə sual ver2019-03-25T22:49:08+00:00

SUALINIZ VAR?

ƏN ÇOX VERİLƏN SUALLAR

Üzüm bitkisi necə becərilir ?2019-03-25T22:50:07+00:00

Bütün sahələrdə olduğu kimi aqrar bölmədə də həyata keçirilən iqtisadi islahatlar kənd təsərrüfatı məhsullarının, o cümlədən üzümçülük və şərabçılıq məhsulları istehsalının artırılması və respublika əhalisinin ərzaq məhsullarına təlabatının təmin olması üçün real zəmin yaratmışdır.

Üzümçülük və şərabçılıq kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Bu sahədə istehsal olunan məhsullar rəngarəngliyi və geniş çeşidliyi ilə xarakterizə olunur. Üzümçülük qədim zamanlardan Azərbaycan xalqının həyatında və iqtisadiyyatında mühüm rol oynamış kənd təsərrrüfatı sahələrindən biridir.

Bu gün də ölkə iqtisadiyyatının inkişaf etdirilməsində üzümçülük və şərabçılıq prioritet sahələrdən birinə çevrilmişdir. Son illərdə respublikamızda üzümçülük və şərabçılığın  inkişafına xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunur və tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul olunmuş və icra olunur. Üzümçülük və şərabçılıq sahəsində elmi təminatın gücləndirilməsi məqsədilə “yeni üzüm sortlarının yaradılması, aqrotexniki və aqrokimyəvi tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə sahəsində tədqiqatların aparılması”, o cümlədən  2020-ci ilə qədər respublikada 50 min hektar yeni üzümlüklərin salınması nəzərdə tutulur.

Üzümlüklərdə hər il həyata keçirilən aqrotexniki tədbirlər və əməliyyatlar üzüm sortlarının bioloji və bitkinin yetişdirildiyi yerin torpaq-iqlim şəraitinin xüsusiyyətinə əsaslanaraq aparılmalıdır. Tənəyin məhsuldarlığı bioloji xüsusiyyətləri ilə yanaşı müxtəlif amillərin (abiotik, biotik, antropogen) və tədbirlərin qarşılıqlı təsiri altında formalaşır və inkişaf edir.

Lakin yeni üzümlüklərin salınmasında, becərilməsində, ən əsası isə üzüm sortlarının seçilməsində bir sıra problemlər vardır. Bəzi üzüm sortlarının bioloji xüsusiyyətləri becərildiyi bölgənin torpaq-iqlim şəraiti ilə uzlaşmadığından və bütün sortlara aqrotexniki qulluq işləri şablon şəklində tətbiq olunduğundan təsərrüfatda qarşıya qoyulan məqsədə çatmaq xeyli çətinləşir. Sortun becərildiyi şəraitdə düzgün aqrotexniki becərmə texnologiyasını müəyyən etmədən bol və keyfiyyətli məhsul əldə etmək mümkün deyil. Yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, dünya standartlarına cavab verən, bazar rəqabətinə davam gətirən üzümçülük və şərabçılıq məhsullarının istehsalının artırılması hal-hazırda respublikada aktual problemlərdən biridir. Tələb olunan məhsulların əldə olunması və istehsalı ilk növbədə üzümçülük sahəsində düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsindən və yeni texnologiyaların tədbiqindən əhəmiyyətli dərəcədə asılıdır.

Respublikamızın torpaq-iqlim şəraiti üzüm bitkisi üçün olduqca əlverişlidir və bütün üzüm sortları hər bir bölgəmizdə uğurla becərilə bilər. Ancaq onların becərilməsində və emalındakı incəliklərin tutulması başlıca şərt sayılmalıdır. Üzümlükdə aqrotexniki tədbirlərin faydalılığı eyni zamanda torpaq-iqlim şəraiti ilə də müəyyən edilir. Bir vaxtlar üzüm sortlarının rayonlaşdırılması məsələsi Dövlət tədbiri kimi qiymətləndirilirdi. Rayonlaşdırılmış sortlar haqqında üzümçülərimiz  müəyyən bilik və təcrübəyə malikdirlər. Ancaq indi xaricdən gətirilən çoxsaylı üzüm sortlarının hansının hansı bölgədə fayda  verəcəyi haqqında üzümçülərdə informasiya azdır.

Bu baxımdan respublikanın üzümçülük bölgələrinin torpaq-iqlim şəraitində qiymətli yerli və gətirilmə üzüm sortlarının morfoloji, bioloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsi və sortun bioloji və bölgənin ekoloji xüsusiyyətlərinə əsaslanan becərmə texnologiyasının elmi əsaslarla öyrənərək müəyyən edilməsi aktual nəzəri və təcrübi problemlərdən sayılır.

 

Üzümün müxtəlif vegetasiya dövrlərində aparılan aqrotexniki tədbirlər

 

Üzümçülüklə məşğul olan fermer və mütəxəssislərin becərdikləri üzüm sortlarının fenologiyasını bilmələri məsləhətdir. Çünki üzüm sortlarının hər bir dövrünün özünəməxsusluğu mövcuddur və hər bir fenofaza üçün fərqli aqrotexniki becərmə, mühafizə və s. tədbirlərin həyata keçirilməsi tələb olunur.

Kənd təsərrüfatı bitkilərindən hər il sabit məhsulun alınmasında sort, ekoloji şərait və bitkilərin yetişdirilmə texnologiyası əsas şərtlərdəndir. Bu amillər üzüm bitkisindən alınan son məhsulların (şərab, şirə, süfrə üzümü, mövüс, kişmiş və s.) keyfiyyətinin formalaşmasına birbaşa təsir edir.

Bitkilər aləminin hər bir müasir nümayəndəsi, o сümlədən üzüm bitkisi, təkamül prosesinin məhsuludur. Mədəni halda yetişdirilən bitkilər, o сümlədən üzüm sortlarının da bu günkü təkamül səviyyəsinə çatan və saxlanılan formaları, təbii və süni seçmənin nətiсəsində ətraf mühitin ekstremal amillərinin təsirindən uğurla çıxan və insanların təsərrüfat maraqlarına сavab verən nümayəndələridir.

Bitkilərin ontogenezi, yəni böyük həyat tsikli onların hər il təkrarlanan qısa illik həyat tsikli ilə gerçəkləşir. Yer kürəsinin subtropik və mülayim iqlimə malik qurşaqlarında üzümün də illik tsikli nisbi sükunət və vegetasiya dövrlərinə bölünür.

Vegetasiya dövründə tənəkdə həyat üçün vacib olan proseslər – böyümə, inkişaf, məhsulvermə və s. baş verir. Bu dövr üzüm tənəklərində yazda şirə hərəkəti ilə başlayır, sonra tumurcuqların açılması, zogların inkişafı, yarpaq, çiçəklərin əmələ gəlməsi, çiçəkləmə, tumurcuqların formalaşması, gilələrin inkişafı və böyüməsi, zoğların yetişməsi, böyümənin dayanması və xəzanlama kimi proseslər baş verir. Ümumiyyətlə, vegetasiya dövründə müşahidə olunan proseslər yeni keyfiyyət vəziyyətlərinə keçmələri ilə əlaqədar olaraq əsasən 6 fenofazaya – şirə hərəkəti, tumurcuqların açılması (zoğların və çiçəyin böyüməsi), çiçəyin əmələ gəlməsi və böyüməsi, çiçəkləmə, zoğların yetişməsi və xəzanlamaya ayrılır.

Belə bir bölgü üzüm bitkisinə vegetasiya və nisbi sukünət dövründə hər bir inkişaf mərhələsinə uyğun müxtələf aqrotexniki tədbirlərin həyata keçməsinə imkan verir. Üzümdə ayrı-ayrı fenofazaların başlanması, davam etməsi və inkişafı torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətindən, yerin topoqrafik və tənəyin vəziyyətindən, xüsusilə də ilin hava şəraitindən asılı baş verir.

Tənək uzunömürlü bitkidir (60-80 il və daha çox). Əkilmiş tingdən kol əmələ gələrək hər il məhsul verir, qocalır və məhv olur. Böyümə şəraitindən, sortun bioloji xüsusiyyətindən, tətbiq olunan aqrotexnikadan asılı olaraq, üzümlükdə tənək öz ömrünü çox və az müddətdə böyümə və məhsul verməklə, qısa və uzunmüddətli olmaqla başa vurur. İllik inkişaf mərhələlərini keçirən zaman il boyu kompleks şəraitlə əlaqədar olaraq bir çox proseslər keçir.

Tənəyin kökü nə qədər güclü inkişaf edərsə, onun məhsuldarlığı və ömrü o qədər çox olar. Zəif vegetasiyaya malik olan tənək böyümə və məhsulvermə dövrünü tez başlayır və tezliklə də ömrünü başa vurur. Buna görə üzümlüklərdə güclü və gümrah tənək kolları becərilməsi günün tələbinə cavab verə bilər. Yalnız belə kollar hər il çox və yüksəkkeyfiyyətli məhsul verir. Bəzən həddən artıq güclü inkişaf etmiş tənək kollarının məhsulu ya az olur, ya da heç məhsul vermir. Bunun səbəbi aqrotexnikanın düzgün tətbiq olunmamasıdır. Onun qarşısını almaq üçün güclü inkişaf etmiş kollara münasib forma verilməlidir. Belə ki, bar barmaqları uzun kəsilməli və onların sayı kola müvafiq qaydada nizamlanmalıdır.

Nisbi sükunət dövrü. Nisbi sükunət dövrü təxminən 4-5 aya qədər davam edib, tənəkdə passiv surətdə olsa da bəzi morfoloji və fizioloji proseslər baş verir. Mövsümün qalan vaxtını isə vegetasiya dövrü təşkil edir ki, bu dövr tənəkdə şirə hərəkətinin başlanmasından yarpaqların tökülməsinə qədər olan dövrü əhatə edib, şirə hərəkəti tumurсuqların açılması, zoğların və çiçəklərin böyüməsi, çiçəkləmə, gilələrin əmələ gəlməsi və iriləşməsi, gilələrin yetişməsi, xəzanlama kimi həyatı proseslərdən ibarətdir.

Mötədil isti iqlimi olan zonalarda bu dövr təxminən payızın birinci yarısında başlanır və  bir sıra əlamətlərlə xarakterizə olunur (R.Məmmədov, C.Süleymanov, 1978).

Belə ki, zoğun yetişməsi qurtarır və onlar sorta məxsus rəng alır. Yarpaqlar payız rəngi alır və tökülür, yarpağın zoğdan ayrılan yerində boz rəngli mantar əmələ gəlir, bəzən ilk payız şaxtaları yarpaq yetişməmiş tənəyi vurur və mantar təbəqəsi əmələ gəlmədən yarpaq tökülür. Belə halda yarpaq saplağının zoğa birləşdiyi yerdə bozumtul-yaşıl təbəqələr əmələ gəlir. Zoğun içərisində özəyin bir neçə hüceyrə qatı oduncağın sərhədində bütün zoğ boyunca mantarlaşır və beləliklə, canlı toxumaları içəri tərəfdən mühafizə edir. Tənəyin çoxillik (qol və ştamb) hissələri də oduncuqlaşır və təzə qabıqdan ayrılan yeni mantar təbəqəsi ilə örtülür.

Köklərin uclarındakı böyümə dayanır və kök üsküyünə qədər mantar qatı əmələ gəlir. Köklərin ucu örtücü zonaya çevrilir və qonur rəng alır. Tənəyin əsas qidalandırıcı köklərinin bir hissəsi məhv olur.Kök sistemində fizioloji sükunətlik baş vermir.Torpağın temperaturu və nəmliyi tənək üçün əlverişli olduqda onun bütün kökləri bütün qış dövrü torpaqdan rütubət alıb, kolun yeraltı və yerüstü hissələrindən buraxılan suyu təmin edir.

Beləliklə, zoğun bütün canlı hissəsi oduncaqlaşma prosesindən sonra, hər tərəfdən mantar təbəqəsi ilə örtülür. Bunun nəticəsində əlverişsiz qış şəraitindən mühafizə olunur və buxarlanma azalır. Tənəyin qışda sükunətə keçmə dövrü aşağıdakı şərtlərə əsasən təyin olunur. Bu dövr sortdan, ərazinin təbii və ilin iqlim şəraitindən xeyli asılıdır. O, əsasən inkişaf mərhələsinə keçid zamanı fizioloji proseslərin ritmi ilə təyin olunur.

Nisbi sükunətlik dövründə tənəkdə aşağıdakı morfoloji və fizioloji xüsusiyyətlər qeyd olunmuşdur:

Tənəyin cavan hissələrində olan qida maddələri yaşlı hissələrə- çoxillik qollara, yerüstü və yeraltı ştamba axır, sadə maddələr mürəkkəb maddələrə (şəkərlər nişastaya) çevrilir. Tənəyin sükunət dövründə onda mürəkkəb fizioloji proseslər- nişastanın, hemosellülozanın və karbohidratların hidrolizi, transpirasiya, tənəffüs və s. getdiyi üçün nisbi hesab edilir. Bunlardan başqa zoğlarda “gizli”  yetişmə, xüsusilə tumurcuqlarda  embrional  inkişaf  tamamlanır. İ.N.Kondoya görə, qışlayan tumurcuqlarda ən uzun sükunətlik Bolqar, Senso, Rkasiteli, Kaberne Sovinyonda, qısa sükunətlik isə Hüseyni, Ağ kişmişi, Fetyaska, Aliqote və s. sortlarda olur. Müxtəlif sortdan asılı olaraq fizioloji sükunət 60-75 gün davam edir.

Gözcüklərin şişməsi müxtəlif tumurcuqların və gözcüklərin ətrafındakı toxumaların hüceyrələrinin böyüməsi və eyni zamanda tənəffüsün güclənməsi ilə başlayır. Tumurcuqlara suyun axımı onların həyat fəaliyyətini yüksəldir. Bu müddətdə tumurcuqlarda boy stimulyatorlarının miqdarı, fermentlərin və hormonların fəallığı artır və tənəkdə susuzluq əmələ gəlir.

Payızda və qışda az rütubətli havada zoğların su udmasını müşahidə etmək olar. Bu, zoğdaxili toxumaların və əsasən qolların oduncaq borularının yaratdığı əks təzyiq nəticəsində baş verir. Yay fəslinin sonunda tənəyin transpirasiyaya sərf etdiyi suyun miqdarı onun torpaqdan aldığı suyun miqdarından çox olur və beləliklə də, əks təzyiq yaranır.