TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Pənahov Tariyel Məhəmməd oğlu  

Pənahov Tariyel Məhəmməd oğlu 1 fevral 1953-cü ildə Azərbaycan Respublikası Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə orta ümumtəhsil məktəbini bitirərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Üzümçülük və şərabçılığın texnologiyası” fakültəsinə daxil olmuşdur. 1974-cü ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirib, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. < /br> 1974-cü ildən 1977-ci ilədək Tovuz rayonunun S.M.Kirov adına üzümçülük sovxozunda baş şərabçı, 1977-ci ildən 1980-cı ilədək Tovuz Aqrarsənaye Birliyinin baş direktorunun müavini vəzifəsində işləmişdir.
Əmək fəaliyyətini dayandırmadan, 1978-1982-ci illərdə «Maqaraç» Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxumuşdur. 1982-ci ildə həmin İnstitutda namizədlik dissertasiyası müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ildən 1986-cı ilədək Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Baş Şərabçılıq İdarəsinin, 1986-cı ildən 1989-cu ilədək «Azərüzüm» Sənaye Birliyinin rəis müavini vəzifəsində çalışmışdır.
1989-cu ildən 1994-cü ilədək «Azərüzüm» Sənaye Birliyinin rəisi, 1994-cü ildən 1998-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin Üzüm emalı idarəsinin rəisi işləmişdir.
1998-ci ildə Azərbaycan Dövlət Əmlak Komitəsinin sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Rəhbər vəzifələrdə işlədiyi müddət ərzində T.M.Pənahov böyük müvəffəqiyyətlər əldə etmişdir. Həmin dövrdə T.M.Pənahov tərəfindən “Nərgiz”, “Maral göl”, “Madera” markalı şərabların, “Kəpəz” markalı konyakın və “Odlu” tünd alkoqollu içkisinin hazırlanma texnologiyaları işlənib hazırlanmışdır. Bu texnologiyaların istehsalata geniş tətbiq edilməsi Azərbaycanın üzümçülük və şərabçılıq sahəsinin intensiv inkişafına və onun iqtisadi fəaliyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, «Odlu» içkisinin istehsalı ölkə iqtisadiyyatına ildə 125 mln. rubl mənfəət verirdi. Azərbaycan hökuməti, T.M.Pənahovun sahənin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək, onu işləyib hazırladığı yüksək effektli texnologiyalara görə fəxri fərmanla təltif etmişdir.
Ölkənin ictimai həyatında fəal iştirak edən T.M.Pənahov 2004-cü ildə Azərbaycanda analoqu olmayan qeyri-hökumət təşkilatını – «Şərabçı-mütəxəssislər» İctimai Birliyini təsis etmiş və hazırkı vaxta qədər həmin Birliyə sədrlik edir. Təşkilatın əsas vəzifəsi üzüm və şərab istehsalçılarının hüquq və mənafelərini qorumaq, onların fəaliyyətlərinin əlaqəli şəkildə qurulmasına hərtərəfli kömək etmək, yeni üzüm bağlarının salınması və şərabçılıq məhsullarının istehsalını dünya bazarının tələblərinə çatdırılması yolu ilə Azərbaycanın üzümçülük və şərabçılığını dirçəltməkdən ibarətdir. Qarşıya qoyulan məqsəd və vəzifələrə nail olmaq üçün T.M.Pənahov, təşkilatın rəhbəri kimi, mütəmadi olaraq seminar və mühazirələr təşkil edir, Beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir, həlli vacib məsələlərin müzakirəsinə ictimaiyyəti cəlb edir, dövlət orqanlarına tövsiyə və təkliflər təqdim edir, qanun layihələrinin müzakirəsində iştirak edir.
Azərbaycanın üzümçülük və şərabçılıq sahəsinin dünya səviyyəsində inkişaf etdirilməsinə yardım etmək məqsədilə T.M.Pənahov tərəfindən görülən ən vacib işlərdən biri onun 2011-ci ilin fevral ayında Tbilisidə keçirilmiş konfransda dünya şöhrətli təşkilat olan Beynəlxalq Şərab və Spirtli İçkilər Federasiyasının (FIVS) prezidenti Cim Finkl ilə görüşü olmuşdur. Həmin konfransda T.M.Pənahov Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin aktual problemlərinə həsr olunmuş məruzə ilə çıxış etmişdir.
Üzümçülük-şərabçılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə T.M.Pənahov 2007-ci ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. İnstituta rəhbərlik etdiyi müddətdə T.M.Pənahov özünü yüksək səviyyəli alim və mütəxəssis, bacarıqlı təşkilatçı, tələbkar və məsuliyyətli rəhbər kimi tanıtmışdır. T.M.Pənahov İnstitutun fəaliyyətini köklü surətdə dəyişmiş, tədqiqatların tematikasını genişləndirmişdir. Onun rəhbərliyi altında aparılan elmi-tədqiaqat işlərinin səmərəliliyi xeyli artmışdır. T.M.Pənahov Beynəlxalq əməkdaşlıq sahəsində də böyük müvəffəqiyyətlərə nail olmuşdur. Onun təşəbbüsü ilə AzETÜŞİ Ukrayna, Gürcüstan və Dağıstanın elmi-tədqiqat institutları, eləcə də dünyanın üzümçülük və şərabçılıq sahəsində aparıcı təşkilatları olan «Richter» (Fransa), «Vivai Cooperativi Rauscedo» (İtaliya), «Iter Vitis» (İtaliya) və International Organization of Vine and Wine - OIV ilə əməkdaşlıq əlaqələri yaratmışdır. İşgüzarlığı, obyektivliyi və işinə sadiqliyi ilə İnstitut əməkdaşlarının hörmətini qazanmışdır.
Beynəlxalq elmi-praktiki konfranslarda Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru və “Şərabçı-mütəxəssislər” İctimai Birliyinin sədri kimi iştirak edərək T.M.Pənahov ölkəmizi, xüsusən də Azərbaycan elmini layiqincə təmsil edir.
T.M.Pənahovun üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi nailiyyətlər onu Azərbaycandan kənarda da bir alim kimi tanıtmışdır. Belə ki, 2008-ci ildə Ukraynanın Yalta şəhərində məşhur professor G.G.Valuykonun redaktəsi ilə nəşr olunmuş “MDB-nin tanınmış şərabçıları” adlı kitabda dünyanın seçilib-tanınan alim və mütəxəssisləri sırasında T.M.Pənahovun da əmək fəaliyyəti və elmi nailiyyətləri barədə məlumat verilmişdir. T.M.Pənahovun 2008-ci ildə Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının (Rusiya) həqiqi üzvü, 2009-cu ildə isə «Iter Vitis» («Üzümlük yolları») Beynəlxalq Avropa Mədəni Marşrutlar Assosiasiyasının üzvü seçilməsi də onun bu sahədə nüfuzlu alim olduğunu bir daha sübut edir.
Tanınmış şərabçı kimi T.M.Pənahov mütəmadi olaraq Beynəlxalq şərab müsabiqələrində və dequstasiyalarda münsiflər heyətinin üzvü və ya dequstator qismində iştirak etmək üçün dəvət alır. Türkiyədə (1993, 1995), İtaliyada (2009, 2010, 2011, 2012, 2013, 2016) və Portuqaliyada (2015) keçirilmiş Beynəlxalq şərab müsabiqələrində göstərdiyi bacarığa və yüksək peşəkarlığa görə T.M.Pənahov fəxri diplomlarla təltif edilmişdir.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının rəhbərliyi ilə Azərbaycan hökumətinin nümayəndələri arasında Azərbaycanın BÜŞT-ə daxil olması barədə aparılan müzakirələrdə də T.M.Pənahov fəal iştirak etmişdir. Müzakirələr nəticəsində bu məsələ müsbət həllini tapdı və 7 iyun 2013-cü il tarixdə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Asambleyasında Azərbaycan BÜŞT-ə daxil olan 44 ölkəyə rəsmi olaraq təqdim edildi və yekdilliklə bu təşkilatın 45-ci üzvü seçildi.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2 mart 2011-ci il tarixli qərarı ilə T.M.Pənahova “Dənli, paxlalı bitkilərin, yarma, meyvə-tərəvəz və üzüm məhsullarının emalı texnologiyası və saxlanması” ixtisası üzrə dosent elmi adı verilmişdir.
Şərabçılığın inkişaf etdirilməsində böyük xidmətlərinə və çoxillik məhsuldar işinə görə 29 iyun 2011-ci il tarixdə T.M.Pənahov professor G.G.Valuykonun rəhbərlik etdiyi “Krım Şərabçıları İttifaqı” tərəfindən təsis edilmiş L.S.Golitsın adına Qızıl medal və Fəxri diplomla təltif olunmuşdur. 2015-ci il 18 noyabr tarixdə T.M.Pənahov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.
2016-cı il 28 iyun tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində T.M.Pənahov “Azərbaycan Respublikasında palıd ağacı emalı məhsullarının şərabçılıq sənayesində istifadə olunmasının elmi əsasları” mövzusunda hazırladığı doktorluq dissertasiyası müdafiə etmişdir.
Hazırda T.M.Pənahov 150 elmi əsərin, o cümlədən 8 kitab, 4 broşüra və 130 məqalənin, həmçinin 8 ixtiranın müəllifidir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ