TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Şərifov Famil Həsən oğlu  

Şərifov Famil Həsən oğlu- 1937-ci il noyabr ayının 20-də anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuşdur. 1960-cı ildə institutu bitirmiş və təyinatla Ukrayna SSR-nin Xerson vilayətində “Tavriya” üzümçülük kombinatında üzümçü aqronom vəzifəsində işləmiş, 1963-cü ildə yenidən instituta qayıtmış və üzümçülük ixtisası üzrə əyani aspiranturaya qəbul olmuşdur.
1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və kafedrada assistent saxlanmışdır. O illərdən etibarən pedoqoji fəaliyyətlə yanaşı üzümçülük sahəsində elmi-tədqiqat işlərini davam etdirmişdir.
1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir.
Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildə Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə dair məlum qərardan sonra o, geniş miqyaslı əsaslı təcrübələr qoydu. Təcrübələrin əsasında üzümçülükdə intensiv becərmə texnologiyası konseptual hədəf kimi qəbul edilmişdir. 1984-cü ildə onun təcrübə üzümlüyündə Bayanşirə sortundan bir hektardan 860 sentner məhsul alınmış və xüsusi komissiya tərəfindən təsdiq edilmişdir. Təcrübənin nəticələri Ümumittifaq Xalq Təsərrüfatı Nailliyyətləri sərgisində (ВДНХ) medalla təltif edilmişdir. Bu məsələ üzərində işlər davam etdirilmiş və 1985-ci ildə həmin göstərici 1000 sentnerə çatdırılmışdır.
Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır. Elə bu ildə də Respublikada ilk dəfə Famil Şərifovun təcrübə üzümlüyündə üzümyığan kombayn işləmişdir. Bu məsələ ilə əlaqədar ilk dəfə olaraq üzümyığan kombayn üçün aqrofonun təlimatı yazılıb dərc etdirilmişdir.
2010-cu ildə F.Şərifov üzüm bitkisinin birinci ilində yüksək səviyyədə məhsul alınmasına nail olmuşsur. Sonrakı illərdə o, üzümçülüyün daha dərinliklərinə gedərək üzüm bitkisinin 2-ci ilində hər hektardan 6-8 ton məhsul almışdır. Hər iki məsələ üzümçülükdə sensasiya yaradaraq dünya üzümçülük elminin tarixinə düşmüşdür.
Uzun illərdən bəri üzərində işlədiyi və 2011-ci ildə təsdiqləndiyi daha bir istiqamət - tinglik mərhələsini keçmədən üzümlüyün salınması məsələsi üzə çıxmışdır. Bununla da bir ildə tingliyin becərilməsinə sərf edilən vaxt və vəsaitə qənaət edilməsinin yeni konseptual istiqaməti elmi cəhətdən hazırlanmışdlr.
Bunlardan başqa üzümçülüyün aqrotexnikasında əl əməyinin 60-65% azaldılması texnologiyasını hazırlamışdır. Onun bütün tədqiqatları üzümçülükdə intensiv və super-intensiv becərmə texnologiyasına əsaslanaraq, torpaq fondunun, suvarma suyunun, material məsarifinin və işçi qüvvəsinin qat-qat qənaət edilməsinə və iqtisadi effektivliyin artırılmasına zəmin yaradır.
Famil Şərifovun tədqiqatlarının nəticələri İtaliya, Fransa və Çində uğurla aprobasiya edildikdən sonra bu ölkələrin bəzi təsərrüfatlarında tədbiq edilmişdir.
M.Qorbaçovun apardıqı uqursuz siyasəti nəticəsində Respublika üzümlüklərinin ləğvi dövründə F.Şərifov üzüm sortlarından ibarət qenofond yaratmışdır.
İlk fərdi üzümçülük məktəbinin təsisçisi və rəhbəri olmuşdur.
Yeni “Nail”, “Kəhraba”, “Bayanşirə Süfrə”, “Tünd yarpaq təbrizi” üzüm sortlarının müəllifidir.
İlk dəfə olaraq Azərbaycanda yetişdirilən üzüm sortları haqda atlas dərc etdirmiş və burada erməni üzümçülərinin bəzi Azərbaycan üzüm sortlarının mənimsənilərək adlarının “erməniləşdirilməsinə” qarşı elmi əsaslarla tutarlı arqumentlər gətirmişdir. Həmin Atlas bir sıra beynəlxalq kitab sərgilərində uğur qazanmışdır. 150-dən artıq elmi əsərin müəllifidir. WWW.UZUM.AZ internet saytının təsisçisi və yaradıcısıdır.
Professor Famil Şərifov, Ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına (2007) və “Tərəqqi” medalı ilə (2009) təltif edilmişdir. 2011-ci ildə Avropa keyfiyyət komissiyası tərəfindən qızıl medalla təltif olunmuşdur (İsveçrə, Cenevrə). Azərbaycan Respublikası Ziyalılar cəmiyyətinin “Respublikanın Fəxri ziyalısı” adına layiq görülmüşdür.
Dövlət sifarişi ilə çəkilmiş “Azərbaycan üzümü” sənədli filminin salnaməçisi, bir sıra iri üzümçülük təsərrüfatlarının məsləhətçisi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-cil martın 1 tarixli “Toxumçuluq və üzümçülüyün inkişaf etdirilməsinə dair” məruzəsindən irəli gələn müddəalarla əlaqədar Nazirlər Kabinetində Dövlət proqramının hazırlanması üzrə yaradılmış işçi qrupunun fəal üzvü olmuşdur.
Famil müəllimin yetişdirdiyi mütəxəssislər həmi Azərbaycanda, həmi də onun hüdudlarından kənarda onun işlərinin layiqli davamçılarıdır. F.Şərifov bacarıqlı və fədakar elm xadimi olmaqla yanaşı, qayğıkeş və mehriban ailə başçısı olmuş, dörd övlad və səkkiz nəvə yadigarı vardır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ