TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ÜZÜM BİTKİSİNİN ƏSAS XƏSTƏLİKLƏRİ, ONLARA QARŞI MÜBARİZƏ 

Mildyu – üzümün ən geniş yayılmış və təhlükəli xəstəliklərindən biridir. Bu xəstəlik ilk dəfə 1834-cü ildə Şimali Amerikada yabanı üzüm növlərində qeydə alınmış, 1871-ci ildə artıq bütün Avropanı bürümüşdür.
Ədəbiyyat məlumatlarına Azərbaycanda mildyu xəstəliyinə görə XX əsrin 20-ci illərində təsadüf edilmişdir. Hazırda ölkəmizin bütün üzüm plantasiyalarında rast gəlinir və bəzi illərdə kütləvi xarakter daşıyır.
Üzümün mildyu xəstəliyini Plasmopara viticola Berl. et de Toni. göbələyi törədir. Xəstəliyi törədən göbələk üzümün yarpaq, bığcıq, qönçə, çiçək, salxım və yetişməmiş gilələri ilə yanaşı birillik yaşıl zoğları da sirayətləndirir. Salxımda gilələr göy noxud ölçüsünə çatdıqda onların səthində olan və adi gözlə görünməyən ağızcıqlar bağlanır və belə gilələr xəstəliyə tutulmur.
Yarpaq ayasında xəstəlik yağlıtəhər, girdə, sarımtıl ləkələr əmələ gətirir. Ləkələr tez böyüyür, xəstələnmiş toxumalar saralır və havanın rütubəti yüksək olduqda yarpaqların alt səthində aydın gözə çarpan unvari örtük inkişaf edir.
Yoluxmuş qönçələr açılmadan quruyub tökülür. Salxımlarda gilələr şirə ilə dolduqda sortun bioloji xüsusiyyətlərindən asılı olmayaraq onlar sirayətlənmirlər. Bəzən sirayətlənmiş salxımlar ağ unabənzər örtüyə bürünür ki, bu da cavan toxuma ilə qidalanan parazitin sporangidaşıyanları və şəffaf, yumurtavari, birhüceyrəli sporlardan ibarətdir.
Təcrübələr göstərir ki, göbələyin qışlama sporları olan oosporlar cücərməyə yalnız yüksək nəmlik və havanın 100C-dən yuxarı temperaturunda başlayır. Yarpaqlar 2-3 sm diametrə çatdıqda onlar yoluxmaya meylli olurlar.
Azərbaycan şəraitində mildyu xəstəliyinin ilkin əlamətləri adətən may ayının I və II ongünlüklərində baş verir. Bu xəstəlik törədicinin inkişafı üçün minimal temperatur 7,90C, optimal 20-220C və maksimal 290C hesab edilir. 20-220C temperaturda parazit gizli inkişaf dövrünü 3-4 günə başa vurur.

милдью на верхней стороне листа милдью на нижней стороне листа
Yarpağın səthində mildyulu ləkələr Yarpağın alt səthində mildyulu boz örtük
милдью на молодой грозди
Salxımda mildyu Gilə və salxımlarda boz örtük

Mildyu xəstəliyinin törədicisi Plasmopara viticola göbələyi üzüm bitkisinin  cavan orqanlarına qarşı daha həssasdır, ona görə də ölkəmizin əksər bölgələrində may-iyun ayları xəstəlik üçün əlverişli hesab edilir. Xüsusilə tez-tez yağan yaz yağışları bitkilərin xəstələnməsini sürətləndirir.
Üzümün Avropa və Asiya sortları içərisində mildyu xəstəliyinə qarşı immun  sortlar yox dərəcəsindədir, lakin davamlılığına görə alimlər bu sortları bir neçə qrupa bölürlər:
I qrup – davamlılar: Qaraburnu, Mədrəsə, Qara Şanı, Qara Aldərə, Şirvanşahı
II qrup – orta davamlılar: Ağ kişmişi, Xəlili, Təbrizi, Ağ muskat, Bayanşirə;
III qrup – davamsızlar: Şamaxı Mərəndisi, Saperavi, Mələyi, Xindoqnı,
Takveri və s.
Amerika mənşəli sortlar (İzabella) mildiyuya qarşı davamlıdır, lakin həmin sortların əksəriyyəti keyfiyyətsiz olub, az məhsul verdikləri üçün dünyada yalnız seleksiya materialı kimi istifadə edilir.
Mübarizə tədbirləri: Yüksək aqrotexnika, bitkilərin normal böyümə və inkişafını təmin edən tədbirlər kompleksi – gübrələmə, yaşıl əməliyyatların vaxtında aparılması, izafi suvarmalara yol verilməməsi, tənəyin ucları və barsız zoğların vaxtında vurulması, zonanın iqlim şəraitinə uyğun tənəyə düzgün forma verilməsi, yaxşı havalandırma və s. mildyu xəstəliyinin inkişafının qarşısını hiss olunacaq dərəcədə alır.
Mildyu kimi xəstəliklərlə mübarizədə kimyəvi üsulun tətbiqi qaçılmazdır. Buna görə də plantasiyalarda yazda tumurcuqlar açılana qədər və ya payızda yarpaqlar töküləndən sonra tənəklər və torpağın səthi nitrafen (40-60 kq/ha), DNOK (10-20 kq/ha), CuSO4 –mis sulfat (30 kq/ha), dəmir kuporosu (30-40 kq/ha) prepa­rat­lardan biri ilə çilənməlidir. İşçi məhlulun məsarifi 1000 l/ha hesabı ilədir. Belə çiləmə nəinki mildyu, eləcə də oiduim, antraknoz, ləkəli nekroz, bakteriya və s. zərərverən orqanizmlərin qışlama mərhələlərini məhv edir.
Vegetasiya dövrü aşağıdakı müddətlərdə çiləmələr aparılması zəruridir:
1. Zoğlar 10-20 sm diametrə çatdıqda;
2. Çiçəkləmədən əvvəl;
3. Çiçəkləmədən dərhal sonra;
4. Gilə və salxımların I fəal inkişaf dövrü;
5. Gilə və salxımların II fəal inkişaf dövrü.
Sonrakı çiləmələr xəstəliyin inkişafı və hava şəraiti nəzərə alınmaqla aqronom tərəfindən təyin edilir. Çiləmələrdə aşağıdakı preparatlardan istifadə məsləhət görülür:
1. Kontakt təsirli fungisidlər: 1%-li bordo mayesi, Moniko bordo (7-8 kq/ha), Ditan M 45 (2,5-3,0 kq/ha), Şirlan (0,8-1 kq/ha), Kuproksat (5-6 kq/ha). Sistem təsirli fungisidlər: Ridomil Qold MS – (2,5 kq/ha). Son illər çoxlu sayda kombinə edilmiş fungisidlər də tətbiqə buraxılmışdır ki, onların əsas üstün cəhəti tərkibində sistem və kontakt təsirə malik təsiredici maddənin olmasıdır. Belə kombinə edilmiş preparatlara qarşı xəstəlik törədicilərin davamlı formaları əmələ gələ bilmir: Akrobat MS (2,0-2,5 kq/ha), Kurzat P (2,5-2,8 kq/ha), Ordan (2-2,5 kq/ha). Vegetasiya dövrü kontakt və sistem tərkibli fungisidlərin növbəli tətbiqi xəstəlik törədicidə yarana biləcək rezistentliyin qarşısını alır.
Oidium. El arasında bu xəstəliyə sibrə, külləmə, unlu şeh, çor da deyilir. Son illər ölkəmizin üzüm plantasiyalarında yayılması və təhlükəlilik dərəcəsinə görə mildyudan önə keçir.
Oidium xəstəliyinin törədicisi olan Uncinula necator Burr. göbələyi Avropaya Şimali Amerikadan üzüm çubuqları ilə gətirilmiş, 1845-ci ildə ilk dəfə İngiltərədə qeydə alınmışdır. Hazırda bu xəstəliyə dünyanın bütün üzümçülük rayonlarında rast gəlinir.
Oidium xəstəliyi tənəyin bütün yaşıl hissələrini sirayətləndirir. Yarpaqların əsasən üst səthi, birillik budaqlar, qönçələr, çiçəklər, qora və salxımlar, bığcıqlar adətən açıq külvari tozla örtülür. Hava şəraitindən, sortun xüsusiyyətlərindən asılı olaraq külvari toz örtük çox və ya az ola bilir. Adi gözlə görünən toz bir-birinə keçmiş, dolaşmış çoxhüceyrəli, rəngsiz mitsel hiflərindən və onların üzərində yerləşən konididaşıyan və konidilərdən ibarətdir.
 

Üzümün oidiumla yoluxmuş müxtəlif orqanları
Konidilər külək vasitəsilə bitki orqanlarına düşdükdə asanlıqla cücərib onları sirayətləndirir. Sirayətlənmədən 15-20 gün sonra yaşıl yarpaqlar üzərində əmələ gələn toz örtük sonrakı yoluxmalara da yol açır. Yoluxmuş yarpaqlar qayıq formasında qıvrılır, sirayətlənmiş qönçələr qaralıb tökülür. Xəstə meyvələrin üzəri bozumtul tozla örtülür ki, bu da parazitin mitselindən ibarətdir. Cüzi bir mehin təsiri nəticəsində sporlar ətrafa yayılır ki, bu da yeni bitkilərin və onların orqanlarının sirayətlənməsi ilə nəticələnir. Salxımda olan gilələr xəstələnmə vaxtından və onun səviyyəsindən asılı olaraq anormal böyüyür, birtərəfli inkişaf nəticəsində partlayır.  Çox zaman partlamış gilələrdə toxumlar belə görünür. Güclü yoluxmuş salxımların çəkisi 50-60% aşağı düşür.  Xəstəlik törədici ekoloji amillərə qarşı çox tələbkardır. O, 4-50C temperaturda cücərir, aşağı nisbi rütubətdə (25%) belə inkişaf edir. Xəstəliyin ilkin simptomları çox erkən, təxminən aprel ayının III dekadasında müşahidə edilir. Son illər aparılan tədqiqatlar göstərir ki, ölkə bağlarında becərilən sortların tam əksəriyyəti, eləcə də İtaliya və Fransadan introduksiya edilmiş sortlar oidiumla güclü surətdə yoluxurlar. Rkasiteli, Saperavi, Təbrizi, Xəlili, Xindoqnı, Mədrəsə, Ağ Xəlili, Ağ Muskat, Çəhrayı Tayfı kimi sortlarda iyun ayında yoluxma bəzən 70-80% -ə çatır.

Oidium xəstəliyinə qarşı yüksək aqrotexniki tədbirlərin fonunda fungisidlərin tətbiqi vacibdir. Son illər ölkəmizə gətirilən kumulus (6 kq/ha), tiovit djet (6 kq/ha), topaz (1,0 l/ha), skor (0,4 l/ha), kvadris (0,6-0,8 l/ha) kimi kontakt və sistem fungisidlər oidium xəstəliyinin inkişafının qarşısını səmərəli surətdə alır. Lakin aparılan müşahidələr göstərir ki, oidium xəstəliyinin  törədicisi son illər həddindən artıq aqressivləşib, tumurcuğun daxilində qışlayan mitsel zoğlarda şirə hərəkəti başlayan kimi həyatiliyini bərpa edir və ilkin yoluxmanı törədir. Buna görə də oidium xəstəliyinə qarşı ilk profilaktiki çiləmə çiçəkləməyə qədər aparılmalıdır.



ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ