TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 
Üzüm bitkisinin inkişaf mərhələlərindən asılı olaraq aqrotexniki tədbirlərin tətbiq xüsusiyyətləri 

Bitkilərin ontogenezi, yəni böyük həyat tsikli onların hər il təkrarlanan qısa illik həyat tsikli ilə gerçəkləşir. Yer kürəsinin subtropik və mülayim iqlimə malik qurşaqlarında üzümün də illik tsikli nisbi sükunət və vegetasiya dövrlərinə bölünür.
Vegetasiya dövründə tənəkdə həyat üçün vacib olan proseslər- böyümə, inkişaf, məhsulvermə və s. baş verir. Bu dövr üzüm tənəklərində yazda şirə hərəkəti ilə başlayır, sonra tumurcuqların açılması, zogların inkişafı, yarpaq, çiçəklərin əmələ gəlməsi, çiçəkləmə, tumurcuqların formalaşması, gilələrin inkişafı və böyüməsi, zoğların yetişməsi, böyümənin dayanması və xəzanlama kimi proseslər baş verir. Ümumiyyətlə, vegetasiya dövründə müşahidə olunan proseslər əsasən 6 fenofazaya- şirə hərəkəti, tumurcuqların açılması (zoğların və çiçəyin böyüməsi), çiçəyin əmələ gəlməsi və böyüməsi, çiçəkləmə, zoğların yetişməsi və xəzanlamaya ayrılır.
Belə bir bölgü üzüm bitkisinə vegetasiya və nisbi sukünət dövründə hər bir inkişaf mərhələsinə uyğun müxtələf aqrotexniki tədbirlərin həyata keçməsinə imkan verir.
Tənək uzunömürlü bitkidir (60-80 il və daha çox). Əkilmiş tingdən kol əmələ gələrək hər il məhsul verir, qocalır və məhv olur. Böyümə şəraitindən, sortun bioloji xüsusiyyətindən, tətbiq olunan aqrotexnikadan asılı olaraq, üzümlükdə tənək öz ömrünü çox və az müddətdə böyümə və məhsul verməklə, qısa və uzunmüddətli olmaqla başa vurur. İllik inkişaf mərhələlərini keçirən zaman il boyu kompleks şəraitlə əlaqədar olaraq bir çox proseslər keçir. Tənəyin kökü nə qədər güclü inkişaf edərsə, onun məhsuldarlığı və ömrü o qədər çox olar. Zəif vegetasiyaya malik olan tənək böyümə və məhsulvermə dövrünü tez başlayır və tezliklə də ömrünü başa vurur. Buna görə üzümlüklərdə güclü və gümrah tənək kolları becərilməsi günün tələbinə cavab verə bilər. Yalnız belə kollar hər il çox və yüksəkkeyfiyyətli məhsul verir. Bəzən həddən artıq güclü inkişaf etmiş tənək kollarının məhsulu ya az olur, ya da heç məhsul vermir. Bunun səbəbi aqrotexnikanın düzgün tətbiq olunmamasıdır. Onun qarşısını almaq üçün güclü inkişaf etmiş kollara münasib forma verilməlidir. Belə ki, bar barmaqları uzun kəsilməli və onların sayı kola müvafiq qaydada nizamlanmalıdır.
Nisbi sükunət dövrü. Nisbi sükunət dövrü təxminən 4-5 aya qədər davam edib, tənəkdə passiv surətdə olsa da bəzi morfoloji və fizioloji proseslər baş verir. Mövsümün qalan vaxtını isə vegetasiya dövrü təşkil edir ki, bu dövr tənəkdə şirə hərəkətinin başlanmasından yarpaqların tökülməsinə qədər olan dövrü əhatə edib, şirə hərəkəti tumurсuqların açılması, zoğların və çiçəklərin böyüməsi, çiçəkləmə, gilələrin əmələ gəlməsi və iriləşməsi, gilələrin yetişməsi, xəzanlama kimi həyatı proseslərdən ibarətdir.
Belə ki, zoğun yetişməsi qurtarır və onlar sorta məxsus rəng alır. Yarpaqlar payız rəngi alır və tökülür, yarpağın zoğdan ayrılan yerində boz rəngli mantar əmələ gəlir, bəzən ilk payız şaxtaları yarpaq yetişməmiş tənəyi vurur və mantar təbəqəsi əmələ gəlmədən yarpaq tökülür. Belə halda yarpaq saplağının zoğa birləşdiyi yerdə bozumtul-yaşıl təbəqələr əmələ gəlir.
Köklərin uclarındakı böyümə dayanır və köküsküyünə qədər mantar qatı əmələ gəlir. Kök sistemində fizioloji sükunətlik baş vermir.Torpağın temperaturu və nəmliyi tənək üçün əlverişli olduqda onun bütün kökləri bütün qış dövrü torpaqdan rütubət alıb, kolun yeraltı və yerüstü hissələrindən buraxılan suyu təmin edir.
Nisbi sükunətlik dövründə tənəkdə aşağıdakı morfoloji və fizioloji xüsusiyyətlər qeyd olunmuşdur:
Tənəyin cavan hissələrində olan qida maddələri yaşlı hissələrə-çoxillik qollara, yerüstü və yeraltı ştamba axır, sadə maddələr mürəkkəb maddələrə (şəkərlər nişastaya) çevrilir. Tənəyin sükunət dövründə onda mürəkkəb fizioloji proseslər-nişastanın, hemosellülozanın və karbohidratların hidrolizi, transpirasiya, tənəffüs və s. getdiyi üçün nisbi hesab edilir. Bunlardan başqa zoğlarda “gizli” yetişmə, xüsusilə tumurcuqlarda embrional inkişaf tamamlanır. Gözcüklərin şişməsi müxtəlif tumurcuqların və gözcüklərin ətrafındakı toxumaların hüceyrələrinin böyüməsi və eyni zamanda tənəffüsün güclənməsi ilə başlayır. Tumurcuqlara suyun axımı onların həyat fəaliyyətini yüksəldir. Bu müddətdə tumurcuqlarda boy stimulyatorlarının miqdarı, fermentlərin və hormonların fəallığı artır və tənəkdə susuzluq əmələ gəlir.
Tənəyin nisbi sükunət dövründə aşağıdakı aqrotexniki tədbirlər tətbiq edilməlidir .
1. Suvarılan rayonlarda məhsul yığımından sonra sahə 1-ci, sahə şumlanandan sonra 2-ci (dondurma suyu), tənəkdə budama apardıqdan sonra isə 3-cü dəfə suvarılmalıdır. Dəmyə rayonlarda qışda tənəyin ətrafına qar toplamaq, qaysağı yumşaltmaq və s.
2. Əsas və əlavə arxların təmiri və təmizlənməsi.
3. Şpalerin təmiri.
4. Üzümlüklərin təmiri (seyrəkliklərin aradan qaldırılması).
5. Gübrə verilməsi.
6. Torpağın (cərgəaralarının) şumlanması, bitki aralarının bellənməsi.
7. Tənəyin quru budanması (Torpaq-iqlim şəraitindən asılı olaraq tənəyin kəsilməsi həmin dövrün müxtəlif vaxtlarında aparılır).
8. Əkin materialının tədarükü.
9. 150C-dən yuxarı şaxta olan rayonlarda tənəyin basdırılması və açılması.
10. Xəstəlik və zərərvericilərə qarşı profilaktik tədbirlər.
Vegetasiya dövrü. Bu dövr şərti olaraq 6 vegetativ fazaya bölünür:
1) Şirə hərəkətindən (tənəyin ağlaması) tumurcuqların açılmasına qədər; 2) tumurcuqların açılmasından çiçəkləməyə qədər; 3) çiçəkləmə; 4) qoranın əmələ gəlməsindən onların yetişməyə başlamasına qədər; 5) gilələrin yetişməsi başlayandan onların tam (fizioloji) yetişməsinə qədər; 6) gilələrin tam yetişməsindən yarpaqların tökülməsinə qədər.
Birinci faza. Şirə hərəkətinin başlanması üzümün kök sisteminin fəaliyyətindən, ətraf mühit amillərindən, xüsusilə də havanın və torpağın temperaturundan və s. amillərdən əhəmiyyətli dərəсədə asılıdır. Şirə hərəkətinin başlanması dövründə havanın temperaturun aşağı olması bu fazanın gedişini ləngidir. Şirə hərəkəti fazası üzüm bitkisinin generativ orqanlarının formalaşmasında ən vaсib dövrlərdən biridir. Bu dövrdə tumurсuqların inkişafı ilə yanaşı çiçəklərin differensasiyası prosesi yenidən bərpa edilir. Bu müddətdə havanın əlverişsiz keçməsi çiçək elementlərinin reduksiyasına səbəb olan və çiçəklər bığсıqlara çevrilən aralıq formaya yaxud da tamamilə bığсıqlara çevrilir.
Bu faza tənəkdə yazda güclü şirə hərəkəti ilə başlayır. Kök sisteminin suyu sürətlə udması nəticəsində su gövdənin və zoğların ksilema boruları vasitəsilə hərəkət edir və tənəyin uc kəsiyindən, habelə sınmış və zədələnmiş yerlərindən axmağa başlayır. Şirə axını təzə zədə yerlərindən daha tez görünür, ona görə də bu fazanın başlanğıcını qeyd etmək lazım gəldikdə müşahidə aparmaq üçün seçilmiş tənəkləri hər dəfə müayinə etdikdə zədə təzələnməlidir. Tənəkdən şirə elə sürətlə ifraz edilir ki, hətta onu adi lupa ilə görmək olar. Son zamanlarda müəyyən olmuşdur ki, tənəklərdə suyun və qida maddələrin hərəkət sürəti müxtəlif və çox böyükdür.
Şirənin hərəkəti əsasən kök sisteminin həyat fəaliyyətindən və kompleks mühit şəraitindən asılıdır. Erkən yazda temperaturun azlığından şirənin hərəkəti ləngiyir.
Müəyyən edilmişdir ki, torpağın temperaturu tənəklərdə şirə hərəkətinin başlanmasına böyük təsir edir. Belə ki, əgər tənəkdə sürətlə ağlama getdiyi vaxt bərk yaz şaxtası olarasa, onda tənəyin uc hissəsində buz bağlayır. Bu, yer səthində temperaturun sıfır dərəcə olmasına baxmayaraq başlanmış şirə hərəkətinin davam etdiyini göstərir. Torpağın üst qatında temperatur aşağı qatlara nisbətən yüksək olduğundan kökləri torpağın üst səthinə yaxın yerləşən sortlarda ağlama tez başlayır. Tez qızan torpaqlarda (məsələn, qumlu), o cümlədən isti torpaqların cənub yamaclarında ağlama hətta yanvar ayında başlayır. Birinci faza gözcüklər açana qədər davam edir və havanın temperaturundan xeyli dərəcədə asılıdır. Torpaq nə qədər tez qızarsa və gözcüklər açılmağa nə qədər tez başlayarsa, faza bir o qədər də uzunmüddətli olar.
Tənəyin yazda kəsilməsi tumurcuğun açılmasını 6-12 gün ləngidir. Bu ləngimə yazda baş verən şaxtalarından tənəyi müdafiə edir. Ona görə də qış çox soyuq olan yerlərdə tənəyi ancaq yazda kəsmək lazımdır.
Birinci fazada aşağıdakı aqrotexniki tədbirlər tətbiq edilməlidir.
 üzvi və mineral gübrələrin verilməsi (əgər payızda şum altına verilməyibsə);
 cərgəaralarının işlənməsi, yaxud şumlanması (18-20 sm dərinlikdə);
 tənəkdə quru budamanı tamamilə qurtarmaq;
 quru bağlama;
 torpağın yumşaldılması və şeh toplayan köklərin vurulması (əgər bu iş payızda görülməyibsə).
İkinci faza. Bu faza gözcüklərin açılması ilə başlayır. Əvvəlcə gözcüklər ölçü etibarilə tədricən böyüyür (şişir), pulcuq aralanır və böyüməkdə olan sıx sarı, yaxud qəhvəyi rəngli tükcüklərlə örtülü zoğ yarımkürə şəklində görünməyə başlayır, sonra isə sıx tükcük pərdəsini yarır və çılpaq halda çıxır. Şaxta təhlükəsi olan yerlərdə gözcüklərin gec açılmasının böyük əhəmiyyəti vardır. Qışda tənəyin dibinə qar yığmaqla, onun bütün gövdəsini ağartmaqla və budamanı gecikdirməklə və s. tədbirlərlə gözcüklərin açılmasını ləngitmək olar.
Bu mərhələdə tənəkdə böyük morfoloji və fizioloji dəyişikliklər gedir. Tumurcuqlar açıldıqdan sonra onlardan zoğlar inkişaf edir və zoğların, yarpaqların, çiçək topalarının, bığcıqların və biclərin güclü surətdə böyüməsi müşahidə olunur
İkinci fazanın başlanğıcına yaxın köklər öz böyümə dövrünə başlayır, uzun köklərin ucunda uducu zona əmələ gətirir və çox kiçik kökcüklər budaqlanır. Bunların sayı fazanın axırına yaxın daha çox artır.
İkinci faza dövründə aqrotexnika üçün vacib olan aşağıdakı bioloji mərhələləri qeyd etmək olar.
Birinci çiçək topasının görünməsi haramı zoğların vurulmasının başlanğıcını göstərir. Əgər çiçək topası əvəzinə bığcıq çıxarsa, bu onu göstərir ki, həmin zoğ məhsulsuz olacaq.
Zoğların 45-55 sm-ə çatması birinci yaşıl bağlamanın vaxtını müəyyən edir.
Tumurсuqların açılmasından çiçəkləmənin başlamasına qədər olan dövrdə tənəklərdə vaсib fizioloji, orqanogenetik proseslər getdiyindən bir sıra vaсib aqrotexniki qulluq işləri vaxtı-vaxtında və optimal şəkildə həyata keçirilməlidir. Bu dövrdə tənəklər məhsulsuz və haramı zoğlardan təmizlənməli və tənəyə optimal yük verilməlidir. Ona görə də bu dövrdə, cərgəaralarında iki dəfə kultivasiya və kətmənləmə aparılmalıdır. Haramı zöğlar iki dəfə vurulur. Birinci dəfə vurulma ştambda və çoxillik qollarda (haramıların uzunluğu 5-7 sm-ə çatdıqda), ikinci dəfə isə məhsullu və məhsulsuz zoğlar seçildikdə aparılır. Çiçəklənməyə 10-12 gün qalmış əlavə gübrə verilməlidir. Çiçəkləmənin başlanğıcında zoğların ucları qoparılmalıdır.
Üzümlüklərdə kolların gümrahlığından asılı olaraq iki dəfəyə qədər yaşıl bağlama, mildiu və oidium xəstəliklərinə qarşı mübarizə aparılmalıdır. Tənəklərdə vertikal inkişaf edən və ölçüsü 35-50 sm-ə çatan zoğların məftillərə ilk bağlanması həyata keçirilməlidir. Tənəklərdə vegetativ kütlənin artması səbəbilə xəstəlik və zərərveriсilərin inkişafının qarşısının alınması məqsədilə ilk profilaktiki tədbirlər görülməlidir. Çiçəkləməyə 10-12 gün qalmış bitkilərə əlavə gübrələr verilməsi, çiçəkləmənin başlanğıсından isə zoğların uсları vurulmalıdır.
İkinci faza çiçəklənməyə qədər, yəni təxminən may ayının sonu və iyun ayının əvvələrinə qədər davam edir.
Üçüncü faza. Bu faza çiçəklənmənin əvvəlindən gilələrin əmələ gəlməsinə qədər olan dövrü əhatə edir və çiçək salxımlarında çiçək tacları tökülən vaxtdan qeyd edilir.
Bu və ya digər sortun çiçəkləməyə başlaması gözcüklərin açılması ilə sıx əlaqədardır, belə ki, gözcüklər nə qədər tez açılarsa, çiçəkləmə də bir o qədər tez başlayır. Çiçəkləmənin başlanması əsasən havanın temperaturu ilə əlaqədardır. Belə ki, gözcüklərin açılmasından çiçəkləməyə qədər fəal temperaturun miqdarı təxminən 380°C-yə qədər olmalıdır. Adi halda bu çiçəkləmənin başlanğıcını təyin edir. Məsələn, basmalarda olan çiçək topaları torpağa yaxın olduğundan istiliyi çox alır və tez çiçəkləyir. Cənub yamaclarda və isti torpaqlarda çiçəkləmə tez başlayır, intensiv gedir və qısa müddətdə qurtarır. Ümumiyyətlə, üzümlükdə bir sortun çiçəkləyib qurtarması şəraitin əlverişli olub-olmadığından asılı olaraq 8-14 günə qədər çəkir. Müxtəlif sort, torpaq-iqlim şəraitində çiçəkləmə 12-22 günə qədər davam edir. Çiçəkləmə səhər saat 11-də əsasən qurtarmış olur. Bir çiçək topasında çiçəkləmənin dinamikasını öyrənərək məlum olmuşdur ki, bir çiçək topasında çiçəkləmənin gedişi, ayrı-ayrı kolların və bütün üzümlüyün çiçəkləməsinin gedişinə uyğundur. Bir çiçək topası orta hesabla təxminən 4-9 günədək çiçəkləyib qurtarır.
Çiçəkləmə mülayim-isti iqlim şəraitində iyunun birinci ongünlüyündə orta temperatur 17-18°C olan dövrdə normal gedir. Çiçəkləmə üçün ən yaxşı temperatur 25-35°C-dir, bu temperaturda çiçəkləmə və mayalanma tez gedir və gilələr yaxşı inkişaf edir. Əgər çiçəkləmə dövründə havanın orta gündəlik temperaturu 10-13°С olarsa tozсuqlar böyümür, 15-16°С olduqda isə çiçəklərdə tozlanma getsə də, mayalanma prosesi zəif baş verir. Bunun nətiсəsində isə tənəklərdə çiçəklər həddən artıq tökülür. Digər tərəfdən çiçəkləməyə təsir göstərən amil torpağın rütubətlilik dərəсəsidir. Torpağın rütubətlilik dərəсəsi 80-85% olduqda çiçəkləmə normal gedir. Çiçəkləmənin ilkin dövrü 5%, kütləvi çiçəkləmə zamanı 60-70%, sonunda isə 25-30% qönçələr açılır.
Üçüncü fazada zoğların böyümə sürəti maksimuma çatır və azalmağa başlayır, lakin zoğların, yarpaqların və biclərin gündəlik artımı hələ davam edir. Abşeron şəraitində yerli üzüm sortlarının çiçəkləmə xüsusiyyətləri öyrənilərkən təyin edilmişdir ki, əksər üzüm sortlarının tənəklərindəki zoğlarda əsasən 12-ci buğum əmələ gəldikdən sonra çiçəkləmə başlayır. Bəzi sortlarda isə zoğların sayı 13, yaxud 14 olduqda çiçəkləmə başlamışdır.
Çiçəkləmə dövründə bütün aqrotədbirlər, xüsusən suvarma, torpağın becərilməsi və s. dayandırılmalıdır. Çünki bu işlər görülən vaxt üzümlükdə temperatur aşağı düşür və mayalanma prosesini zəiflədir. Bu işlər elə planlaşdırılmalıdır ki, çiçəkləmə vaxtına düşməsin. Belə tədbirlər iqlimi soyuq və yazı sərin olan yerlər üçün daha vacibdir. Çiçəkləmə dövründə temperaturu 18-20°C-dən yuxarı olan rayonlarda həmin aqrotexniki tədbirləri tətbiq etməyə ehtiyac yoxdur .
Çiçəkləmə fazası üzümlükdən yüksək məhsul almağın vacib dövrüdür. Çiçəkləmə prosesinin yaxşı getdiyi dövrdə mayalanmaya, salxımlarda gilələrin əmələ gəlməsinə və onların normal böyüməsinə nəzarət edilməlidir.
Üçüncü faza mülayim- isti iqlimdə, adətən, iki ongünlük müddətində (mayın axırı, iyunun əvvəli) davam edir.
Dördüncü faza. Bu faza qoranın əmələ gəlməsindən onların yetişməsi başlayana qədər olan dövrü əhatə edir. Gilələrin əmələ gəlməsindən tam yetişməsinə qədər olan dövrdə onların tərkibində mürəkkəb fizioloji və biokimyəvi proseslər gedir .
Yaşıl gilələrdə ilkin olaraq şəkərin miqdarı olduqсa aşağı, aşı maddələri və ümumi turşuluq isə yüksək olur. Yetişmə başladıqсa gilədə mürəkkəb efirlərin, piqment maddələrinin, şəkərin miqdarı yüksəlir və lətin sıxlığı dəyişir. Gilələrin tam yetişmə anında qlükoza və fruktozanın miqdarı bərabərləşir, onların miqdarı sabit qalır, gilədə suyun buxarlanması nətiсəsində isə şəkərin qatılığı yüksəlir.
Zoğun böyüməsi getdikcə azalır, uclarda əvvəlki fazalarda oluduğu kimi əyilmə baş verir və fazanın axırına yaxın nazilir, habelə üzərində olan yarpaq və bığcıqlar çox xırda olur. Aşağı buğumlarda olan tumurcuqlar öz embrional inkişafını keçərək formalaşır. Bu vaxt onlarda güclü sürətdə çiçək topalarının əsası qoyulur. Məsələn, Gəncə-Qazax bölgəsində şəraitində Xəlili üzüm sortunda çiçək topalarının başlanğıcının qoyulması 17 maydan başlayır və 16 iyunadək davam edir. Təbriz sortunda 22 maydan 11 avqustadək, Bayanşirədə isə 21 maydan 21 avqustadək davam edir. Ona görə də bu fazanın lap başlanğıcından zoğların normal böyüməsi və yarpaqların assimilyasiyasını artırmaq üçün əlverişli şərait yaratmaq lazımdır.
Fazanın axırına yaxın zoğun aşağı hissələrində anatomik və fizioloji proseslər güclənir və qışa hazırlıq gedir.
Zoğların yetişməsinə temperaturun xeyli təsiri vardır: temperatur nə qədər çox olarsa, bir o qədər yetişmə sürətlə gedər. Çox nəmlik əks təsir edir, yəni yetişməni həm pişləşdirir, həm də ləngidir.
Mineral qida maddələri də yetişmə prosesinə xeyli dərəcədə təsir edir, azotun çoxluğu ləngidir, kaliumun çoxluğu isə sürətləndirir.
Dördüncü faza ərzində xlorofil tədriclə daxili toxumalardan ətrafa toplanır. Yumurtalıqların və gilələrin bir hissəsi böyümür və böyümə tezliklə dayanır, belə gilələr sarımtıl-yaşıl rəng alır və 3-4 mm böyüklükdə ikən tökülməyə başlayır. Bu yumurtalıqların və gilələrin tökülməsinə səbəb olur və salxımın sıxlığını müəyyən edir. Onların çox tökülməsi nəticəsində salxımda qeyri-normal seyrəklik əmələ gəlir. Bu proses çiçəklərin tökülməsi adlanır (çiçəklərin tökülməsinin ikinci dalğası). Tökülmənin ikinci dalğası məhsulun təyin olunmasında böyük əhəmiyyətə malikdir. Çiçəklərin tökülməsi öz növbəsində məhsuldarlığa mənfi təsir edir. Ona görə də çiçəkləmə qurtardıqdan sonra üzümlüklərin suvarılması və üzvi gübrələrin verilməsi məqsədəuyğun hesab olunur. Həmçinin bu dövrdə tənəklərdə yaşıl əməliyyatlar, bağlama, əgər lazım olarsa gilələrin və salxımların seyrəldilməsi, xəstəlik və zərərveriсilərə qarşı aktiv mübarizə tədbirləri aparılmalıdır.
Salxımda qalan gilələrin diametri 5 mm-ə çatdıqda tökülmə dayanır və onlar güclü sürətdə böyüməyə başlayır. Əvvəlcə onlar sürətlə böyüyür, təqribən fazanın ortasında maksimum sürətə çatır, sonra da onların sutkalıq artımı azalmağa başlayır, fazanın sonuna yaxın isə böyümə dayanır. Gilələrin həmçinin artması üçün temperaturadan başqa rütubətin də çox böyük rolu vardır (yağış, havanın yüksək dərəcədə nəmliyi və s.). Gilələr böyüdükcə paranximdə bərabər miqdarda yerləşən xlorofil, zülal və tanin maddələri ilə qarışaraq epidermis altında yerləşən qabıq parenximində toplanır. Gilələrdə suyun miqdarı fazanın axırına qədər çoxalır.
Dördüncü faza mülayim-isti iqlimdə, adətən, iyunun ikinci yarısından sonra, təqribən bir-iki ay davam edir. Müxtəlif sortlarda dördüncü faza müxtəlif dövrü əhatə edir, ona görə də bu fazanın qurtarması sortdan, hava şəraitindən, yerin xarakterindən asılı olaraq iyulun ikinci yarısından sentyabrın birinci yarısına qədər davam edir.
Dördüncü faza dövründə üzümlükdə, adətən aşağıdakı işlər görülür: mildiu və oidium xəstəliklərinə qarşı çiləmə və tozlama; cərgələrdə torpağın yumşaldılması və cərgəaralarında kultivasiya; zoğların ikinci (fazanın əvvəlində və üçüncü (fazanın axırında) bağlanması. Zoğlarda böyümə dayanan vaxt-iyulun axırı, avqustun əvvəlində ucvurma aparılır, yəni gələcək bara saxlanılan zoğların ucları vurulur.
Beşinci faza. Gilələrin yetişməyə başlaması beşinci fazanın başlanğıcını göstərir. O, aşağıdakı morfoloji əlamətlərlə müəyyən olunur: gilələr yumşalır (əllə basdıqda yumşaqlıq hiss olunur), rəngli sortlarda sorta məxsus rəng alınır, ağ sortlarda isə gilələrdə yaşıllıq itir, onlar açıq rəng alır-şəffaflaşır. Bu fazanın başlanması əsasən temperatur şəraiti və gilələrə qida maddələrinin daxili olması ilə əlaqədardır. Temperatur nə qədər çox olarsa və giləyə qida maddələri nə qədər çox axarsa, faza bir o qədər tez başlayır.
Faza ərzində zoğların böyümə sürəti daha çox azalır, nəhayət zoğun ucu boyvermədən tamamilə dayanır və düzəlir. Zoğlarda oduncaqlaşma daha sürətlə gedir. Zoğun əsasdan başlayaraq beşinci-yeddinci buğumaralarında yetişmə, yavaş və bərabər ölçüdə (10-15 günə) gedir, sonrakı 8-10-cu buğumaralarında isə birdən-birə, yəni iki-üç günə yetişir. Yarpaq səthi inkişafı yüksək dərəcəyə və assimilyantların miqdarı maksimuma çatır. Fazanın əvvəlində salxım və gilələr yenidən böyüməyə-əvvəlcə yavaş, sonra sürətlənərək maksimum böyümə dərəcəsinə başlayır, daha sonra isə fizioloji yetişmə anına kimi tamamilə dayanır. Gilənin saplağı sortdan asılı olaraq çox və az dərəcədə gilədən bir qədər aralı oduncaqlaşır. Gilədə şəkərlilik dördüncü fazanın axırlarında tədricən artdığı halda, beşinci fazanın əvvəlindən sürətlə artmağa başlayır.
Altıncı faza. Bu faza gilələrin fizioloji yetişməsi anından başlayır. Fazanın başlanmasını müəyyən etmək üçün orqanoleptiki, anatomik, kimyəvi üsullardan istifadə edilir.
Fazanın ortalarında yarpaq saplağının zoğa birləşdiyi yerdə mantar təbəqəsi əmələ gəlir. Bununla paralel yarpaqlar getdikcə daha çox qocalır. Onlarda kalsiumun miqdarının artımı yarpaqların payız rənginin əmələ gəlməsinə təsir edir. Tənəyin yetişməsinin gedişinin izləmək, onun qışa necə hazırlaşdığını öyrənmək o deməkdir ki, buna uyğun da aqrotexniki tədbirləri (kolu qışda müdafiə, çubuq tədarük və s.) görülsün. Mantar qatının ayrılmasından sonra yarpaqlar düşür. Yarpaqların tökülməsi ilə də altıncı faza qurtarır və qış dövrü başlayır.
Bu fazanın müddəti sortdan, havadan və yerin şəraitindən asılı olaraq 40-45 gün davam edir.
Altıncı faza ərzində məhsul yığımından sonra sahəyə üzvi və mineral gübrələr verilir, cərgələrdə dərin bellənmə və cərgəaraları şumlanır. Dondurma suyu verilir, təmir işləri aparılır və s.
http://www.agro.gov.az/zmlk




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ