TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 
Azərbaycanda üzümçülüyün inkişafı diqqət mərkəzində saxlanılır 

Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Tarixi qaynaqlara görə, hələ eramızdan əvvəl X əsrdə ölkəmizin bir çox bölgələrində geniş üzüm bağları mövcud idi. Üzümdən şərab, doşab, abqora, mövüc, sirkə və s. məhsullar hazırlanırdı. Üzümçülük indi də respublikamızda aqrar-sənaye kompleksinin ən gəlirli sahələrindəndir.
Vaxtilə Azərbaycanda kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizi üzümçülüyün payına düşürdü. Keçən əsrin 80-ci illərində üzümçülük iqtisadiyyatın aparıcı sahəsi olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tuturdu. Şamaxı, Cəlilabad, Ağdam, Füzuli, Xanlar, Qazax, Tovuz, Şəmkir rayonlarının hər birində ildə 100 min tona qədər üzüm tədarük edilirdi. Üzümçülüyün respublika iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1970-ci ildən başlayaraq bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Ümummilli liderimizin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli sərəncamı ilə isə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradıldı. 1977-ci ilin mart ayından fəaliyyətə başlayan bu elmi-tədqiqat müəssisəsi üzümçülüyün və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsində böyük rol oynamışdır. Beləliklə, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda üzümlüklərin ümumi sahəsi 1984-cü ildə 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm istehsal edilmiş, hər hektardan məhsuldarlıq 100 sentner olmuşdur. Ötən əsrin 80-ci illərində hər il respublikada ticarət təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara isə daha çox - 230-240 min ton süfrə üzümü ixrac edilirdi. Əhalinin qış aylarında təzə üzümlə təmin edilməsi üçün üzümçülük təsərrüfatlarında hər birinin tutumu 6 min ton olan 17 soyuducu istifadəyə verilmişdi.
Həmin dövrdə şərabçılıq sənayesinin inkişaf etdirilməsinə, istehsal olunan şərab məhsullarının keyfiyyətinin yüksəldilməsinə və çeşidinin genişləndirilməsinə dövlət tərəfindən böyük diqqət yetirilirdi. Azərbaycanın şərab və konyakları Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Çexoslovakiya, Kuba və Monqolustana ixrac olunurdu. Azərbaycanda istehsal olunan şərablar yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq sərgilərdə 97 qızıl medala layiq görülmüşdü.
Ümumiyyətlə, 80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər sayəsində üzümçülük sahəsinin yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensialı yaradılmışdır. Lakin keçmiş İttifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurmuşdur. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilmiş və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılmışdır. Respublika iqtisadiyyatına o vaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəymişdir. Digər tərəfdən, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, hərc-mərclik bu sahənin inkişafına öz mənfi təsirini göstərmiş, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozulmasına və nəticədə bir sıra üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük-şərabçılıq sahəsinə diqqət yenidən artdı.Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Azərbaycanın qədim üzümçülük zonaları olan Şamaxı, Cəlilabad rayonlarında və bir sıra başqa bölgələrdə yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salındı. Ümummilli lider Heydər Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün onun hüquqi bazasının yaradılması məqsədilə 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzaladı. Sənədin qüvvəyə minməsindən sonra respublikada çoxsaylı özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının (2004-2008-ci illər) Dövlət Proqramı” aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açmışdır. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edilmişdir. Bununla yanaşı, ölkə Prezidenti bölgələrə etdiyi səfərlərdə üzümçülüyün prioritet sahə olduğunu dəfələrlə xatırlatmış və bu sahənin inkişafına xüsusi diqqət yetirmək zərurətini vurğulamışdır. Ölkəmizdə aqrar sahə, o cümlədən üzümçülüklə bağlı qəbul edilən qanun və proqramlar artıq öz nəticəsini verməkdədir. Bunu belə bir fakt da təsdiqləyir: Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il sentyabrın 1-nə kimi sahələrdən 37,1 min ton ( ötən illə müqayisədə 5,2 min ton çox) üzüm toplanmışdır.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” da ölkəmizdə üzümçülük sahəsində dövlət siyasətinin və strategiyasının həyata keçirilməsində, müvafiq təşkilatların bu sahədəki işlərinin koordinasiyasının və sürətləndirilməsinin təmin edilməsində mühüm önəm daşıyır. Adıçəkilən dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirmiş, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına əhəmiyyətli təsir göstərmişdir.
Adıçəkilən dövlət proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tinglik təsərrüfatlarının yaradılmasının və üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi öz ifadəsini tapmışdır. Bütün bunlarla yanaşı, proqramda üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalında innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi və üzüm məhsullarının “plantasiya-istehlakçı” sxemi ilə satışının stimullaşdırılması kimi vəzifələr müəyyənləşdirilmişdir.
Ölkədə üzümçülüyün məqsədyönlü inkişafının təmin edilməsində üzüm sortlarından ibarət genofondun olduqca böyük əhəmiyyəti vardır. Üzümçülükdə genofond kolleksiyalar formasında yaradılır. Vaxtilə Azərbaycanın müxtəlif regionlarında ampeloqrafik kolleksiya bağları mövcud idi. Hazırda həmin kolleksiyaların dirçəldilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Onu da deyim ki, institumuzun əməkdaşları Abşeron rayonu şəraitində Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş üzüm sortlarından kolleksiya bağı salmışlar. Burada respublikanın üzüm genofondunun əsasını təşkil edən yerli və introduksiya olunmuş süfrə və texniki istiqamətli üzüm sortları, fillokseraya davamlı Amerika mənşəli calaqaltılar, həmçinin yabanı üzümün xəstəlik-zərərvericilərə qarşı davamlı formaları becərilir.
İnstitutumuzun alimlərinin səyi nəticəsində üzümün xəstəlik və zərərvericilərinə qarşı davamlı yeni seleksiya sortları yaradılmışdır. Bunlardan beynəlxalq prizlərə layiq görülmüş “Azəri” və “Göygöl” üzüm sortları xəstəlik və zərərvericilərə davamlı ən qiymətli sortlar kimi təsdiq edilmiş və rayonlaşdırılmışdır.
Bu gün bölgələrdə yeni üzümlüklər salınır, şərabçılıq məhsulları istehsalı artırılır. Alimlərimiz Azərbaycan şərabını yüksək qiymətləndirirlər. Onların fikrincə, yaxşı olardı ki, vaxtilə beynəlxalq sərgilərdə, dequstasiyalarda yüksək mükafata layiq görülən Azərbaycan şərabları və konyaklarının istehsalına üstünlük verilsin, bununla da xaricdən gətirilən keyfiyyətsiz şərab idxalının xüsusi çəkisi azaldılsın.
Bu gün ölkə Prezidentinin çoxsaylı göstəriş və sərəncamlarına müvafiq olaraq üzüm bitkisinin becərilməsi ilə bağlı fəaliyyət göstərən fermer təsərrüfatlarının normal işinin təmin edilməsi üçün onların maddi-texniki bazası möhkəmləndirilir, kənd təsərrüfatı istehsalçıları ilə yanaşı, fermerlərə güzəştli kreditlər verilir.
Hazırda institutumuzda fəaliyyət göstərən 18 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru və 68 nəfər digər elmi işçi tərəfindən üzüm genofondunun qorunub saxlanılması və əlavə sortlarla zənginləşdirilməsi, yeni hibrid süfrə və texniki sortların yaradılması, becərmə texnologiyasının daha da təkmilləşdirilməsi, xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə üsullarının tədqiqi, daha yararlı üzüm sortlarının seleksiyası və digər istiqamətlərdə genişmiqyaslı tədqiqatlar və elmi araşdırmalar aparılır.
İnstitutun Gəncə təcrübə stansiyasında çalışan alimlərin uzun illər ərzində apardıqları elmi-tədqiqat işi nəticəsində əhəmiyyətli nəticələr əldə olunmuş, üzümün 40-a yaxın hibrid forması yaradılmışdır. Bu formalardan ən məhsuldar, xəstəliklərə, zərərvericilərə qarşı davamlı və yüksək texnoloji xüsusiyyətləri ilə fərqlənən 6 hibrid forması dövlət sort sınaq komissiyasına təqdim edilmişdir.
Yuxarıda sadalanan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 1999-cu ildə Madrid şəhərində yerləşən “Ticarət liderləri klubu” tərəfindən “Azəri” və “Göygöl” üzüm sortlarını keyfiyyətə görə XXVII beynəlxalq prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutu isə “Almaz ulduz” beynəlxalq mükafatına layiq görmüşdür.
İnstitumuzda hazırlanan “Mədrəsə” qırmızı turş süfrə şərabı yüksək keyfiyyətinə və dequstasiya göstəricilərinə görə 2011-ci ildə Yaltada keçirilən “Yalta qızıl qrifon-2011-ci il” beynəlxalq müsabiqəsində qızıl medal, “Bakı” konyakı isə “İlin ən yaxşı konyakı” adını almışdır.
Sevindirici haldır ki, respublikada üzümçülük və şərabçılığın elmi əsasları da mahiyyət etibarilə durmadan təkmilləşdirilir, metodiki cəhətdən yeniləşdirilir. Son illər institutda süfrə, desert, “Nektar” və “Kaqor” tipli şərabların, meyvə və giləmeyvə likollarının, bəhməz, abqora və təbii üzüm şirəsinin yeni texnologiyaları, şampan şərab materiallarının, konyak və arağın yeni, daha təkmil texnologiyası hazırlanmışdır.v Azərbaycanın üzümçü və şərabçı alim və mütəxəssisləri ilə xarici ölkələrin mütəxəssisləri arasında əlaqələrin yaradılması, üzümçülük və şərabçılıq sahəsində qazanılmış elmi nailiyyətlərin, qabaqcıl texnologiyaların öyrənilməsi olduqca zəruridir. Bu baxımdan Beynəlxalq Şərab və Spirtli İçkilər Federasiyası (BŞSİF), Beynəlxalq Üzüm və Şərab Təşkilatı (BÜŞT) ilə əlaqələrin genişləndirilməsi nəticəsində dünya üzüm və şərab sektoru üzrə təklif və tövsiyələrin, standartların və digər normativ-hüquqi sənədlərin işlənib hazırlanmasına, həmin təşkilatın himayəsi ilə institutda mütəmadi olaraq dequstasiya, festivallar, elmi-praktik konfranslar, seminarlar və s. keçirilməsinə xüsusi əhəmiyyət verilir. Xatırladım ki, Azərbaycanın qədim üzümçülük-şərabçılıq diyarı olması və ölkəmizdə bu sahənin gələcək inkişaf potensialı nəzərə alınaraq respublikamız 2013-cü ildə BÜŞT-ün üzvü seçilmişdir.
İnstitut bir çox ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Yunanıstan, Fransa və İtaliyanın müvafiq elmi-tədqiqat müəssisələri və tingçilik şirkətləri ilə səmərəli əməkdaşlıq edir. Alimlərimiz həmin ölkə və təşkilatlarda keçirilən elmi konfranslara, simpoziumlara, sərgilərə, yarmarkalara, dequstasiyalara dəvət alırlar.
İnstitutumuzda respublikada üzümçülük rayonları (zonaları) üzrə məlumat bankının yaradılması ilə əlaqədar geniş tədqiqat və araşdırmalar aparılaraq müvafiq elmi məlumatlar toplanılmış və mövcud məlumatlar daha da zənginləşdirilmişdir. Əldə olunmuş materiallar əsasında “Azərbaycanda üzümçülük” və “Azərbaycanın üzüm sortları” adlı kitablar nəşr edilmişdir. Bununla yanaşı, hazırda institutda respublikanın müxtəlif torpaq-iqlim şəraitinə uyğun üzümçülük və şərabçılığın inkişaf etdirilməsi və ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri uğurla həyata keçirilir.

Tariyel PƏNAHOV,
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru,
texnika elmləri üzrə fəlsəfə doktoru,
Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ