TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

YENİ ÜZÜM SORTUNUN QEYRİ-ADİ BİOLOJİ XÜSUSİYYƏTLƏRİ 

Dünyada elə üzüm sortları vardır ki, bu və ya digər xüsusiyyətləri ilə başqa sortlardan kəskin fərqlidir. Bu fərqlər müxtəlif xarakterlidir: Çox güclü böyüyən, çox zəif böyüyən, çox yüksək məhsuldar, çox az məhsuldar, çox yüksək şəkər toplayan, çox az şəkər toplayan, şaxtaya, quraqlığa, xəstəliklərə çox və az dərəcədə davamlı və s. Cəfəri şasla ilə digər sortların yarpaqlarının formasında və kəsimliyində kəskin fərq vardır, məsələn, cəfəri şaslanın yarpaqları heç üzüm yarpaqlarına oxşamır. Mərməri kişmişinin yeni əmələ gəlmiş ağ-sarı rəngli dilələri yetişmiş dilə rəngindədir.
Seleksiya yolu ilə aldığımız və dövlət sort sınağı komissiyası tərəfindən təsdiq edilmiş Nail üzüm sortunun budaqlanmasına oxşar sort demək olar ki, heç yoxdur. Əgər olmuş olsaydı üzümçülük haqqında yazılı mənbələrdə və təsvirlərdə heç olmazsa epizodik də olsa yazılmış olardı. Ümumiyyətlə bitki aləmində üç cür budaqlanma mövcüddur: monopodial, simpodial, və dixotomik. bunlardan ikisi: monopodial və simpodial budaqlanmalar üzüm bitkisində vardır, dixotomik budaqlanma isə meşə və dekorativ bitkilərində rast gəlinir. Bu vaxta qədərki üzümçülük üzrə mövcud ədəbiyyatda üzüm bitkisində dixotomik budaqlanma haqqında heç bir yazıya rast gəlinmir. 
Bu sortu biz yaradarkən qarşıya məqsəd qoymamışdıq ki, onun bu cür budaqlanması olsun. Ancaq onu deməyi lazım bilirik ki, sortun valideynlərindən biri olan Ağadayıda bizim üzümlükdə tək-tək dixotomik budaqlanmaya rast  gəlinir.     
Nail sortundan olan kolların hamısında yaşıl zoğların 30-40 faizində (tək-tək kollarda55-60%) dixotomik budaqlanmadır. Təbiətdə buna bənzər dəyişkənliklər baş verir və bundan sonra da baş verə bilər. Əgər bunlar xeyirli və zərərli olmasa insan (üzümçü) bu qədər də onu diqqətdə saxlamaz. Sanki belə budaqlanma salxımların sayının artırılmasına xidmət edir. Dixotomik budaqlanan zoğlarda budaqlanmaya ' qədər əsasən bir salxım olur. Bəzən bir mənşədə, yəni bir salxımın yerində hər birinin sağlam saplağı olan iki salxım olur. Belə salxımlara dixotomik budaqlanan zoğlarda da rast gəlinir. Dixotomik budaqlanan hər bir zoğ özünü müstəqil zoğ kimi Beləliklə, tək-tək zoğlarda salxımların sayı 6-8-ə çatır. Diqqəti çəkən əlamətlərdən biri də odur ki, zoğların əksəriyyətində tək-tək buğumlarda 5-dən 9-a qədər müxtəlif adda orqanlar olur. Çox halda bu orqanlardan biri və yaxud ikisi salxım olur.  
Bəzən belə olur ki, dixotomik budaqlanmış zoğlardan birində yenidən bu dixotomiya baş verir. Ümumilikdə salxımların sayı Bayanşira sortu ilə müqayisədə bu sortda çox olur. Məlumdur ki, hər bir üzüm sortunun salxımları xarakterik əlamət olaraq bir formadadır. Ancaq bu sortda üzüm sortlarında rast gəlinən xarakterik formaların hamısı olur: silindrik, konusvari, qanadlı, budaqlı və s.     
Bu baxımdan Nail üzüm sortunda baş verən əlamət dəyişkənliklərini qeyri-adi hesab edirik. Bir cəhəti də qeyd etmək lazımdır ki, hələ çiçək ikən salxımların bir qismi qoparılıb atılmadıqda onları yetişdirməyə kolun enerjisi çatmır. Bu əlamətlər stabil olmayıb ən çox cavan və güclü kollarda olur. Kol qocaldıqda və zəiflədikdə göstərilən əlamətlər adiləşir. 

Müəllif: F.H. Şərifov




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ