TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

UZÜM BITKISINDƏ SULU ZOĞLARDAN İSTIFADƏ QAYDALARI 

Üzüm bitkisinin zoğları müxtəlif mənşəli və müxtəlif adda olur. Mənşə etibarı ilə onlar  əsas, əvəzedici, bic və yatmış tumurcuqlara aiddir. Bəri başdan qeyd etməyi lazım bilirik ki, bu məsələ heç bir yazılı mənbədə bu qədər əhatəli və özünəməxsusluqla izah edilməmişdir.

Bir qayda olaraq bu zoğların hamısı hər il az və çox dərəcədə üzüm bitkisində olur. Bunlardan yalnız sulu zoğlar üzüm bitkisində həmişə olmur. Əsas, əlavə, bic və haramı zoğların hər biri
özlüyündə sulu zoğa çevrilə bilər. Ancaq sulu zoğun ayrıca mənşəyi yoxdur. Sulu zoğlara belə
xüsusi münasibət bizim tərəfimizdən irəli sürülmüş və əsaslandırılmışdır. Üzümçülük üzrə mövcud ədəbiyyatda sulu zoğların adı çəkilir, ancaq onlardan istifadə mexanizmi verilmir.
Sulu zoğlara münasibətdə yalnız bir fikrin formalaşdığını qeyd edirik: tənəkdə sulu zoğların
olması həmin ildə yükün (gözcük və salxım) az olduğunu göstərir Diametri 12-13 mm-dən artıq
olan zoğlar sulu zoğlardır. Tənəkdə onların varlığı üzümçülər üçün arzu olunmazdır. Sulu zoğlann az məhsul verməsi də üzümçülər tərəfindən təsdiq edilmişdir. Ancaq, sulu zoğların məhsuldarlığının
artırılması yolları haqqında nə nəzəri, nə də praktiki fikirlər söylənməmişdir. Sulu zoğlar diametri böyük olduğu kimi, həm də çox uzun olur (6-20 metr). Bunlar adi bar barmağı uzunluğunda kəsildikdə çox az məhsul verir. Bu baxımdan da sulu zoğlar üzümçülərin arzu
etmədiyi məsələ kimi qalır.
Sulu zoğlara bu cür münasibətin elmi əsası yoxdur. Sulu zoğlarda osmos təzyiqi güclü olduğundan qida maddələri sürətlə zoğun yuxarı hissələrinə doğru hərəkət edir. Bundan başqa sulu zoğların
inkişafının ilkin vaxtlarında hüceyrə şirəsinin qatılığı az olduğundan onların əsasında olan
tumurcuqlarda provizor orqanları ya az olur və yaxud heç olmur.
Provizor orqanları əsasən 6-8-ci buğumlardan sonra çox əmələ gəlir. Bu məsələ üzrə təcrübə bizdə təsadüfən alınmışdır. Çox güclü böyüyən tənəyin qonşuluğunda boş yer olmuşdur. Bu
boşluğu doldurmaq məqsədilə güclü tənəkdən bir sulu zoğ ayırıb qonşuluqdakı boş fəzada
2.5-3 metr uzunluğunda kəsilən sulu zoğ məftilləri də ziq-zaq şəklində yerləşmişdir. Apardığımız uçot və müşahidələr göstərmişdir ki, bir sulu zoğda saxlanan 25-30 gözcükdən çıxan zoğların       85-90 % -i barlı olmuşdur. Sonrakı illərdə bu məsələni dəqiqləşdirmək məqsədi ilə Şamaxı Mərəndisi, Təbizi və Ağ kişmişi sortlarında əsaslı təcrübə qoyduq. Məlum oldu ki, hər üç sortda sulu zoğlardan uzun bar barmaqları saxladıqda onların məhsuldarlığı xeyli artmışdır. Şamaxı Mərəndisi hər iki sortdan güclü böyiidüyündən onun üstündə təcrübələri 6 il fasiləsiz olaraq davam etdirdik. Belə bir məsələ də aydınlaşdırıldı ki, əgər birinci və ikinci illərdə bir kolda sulu zoğlardan ibarət iki bar barmağı saxlanırdısa, sonrakı illərdə bir bar barmağı saxlanmışdır. Bu məsələdə heç vəchlə razılaşmaq olmaz ki, eyni zamanda həm adi bar barmaqları, həm də uzun bar barmaqları saxlanılsın.
Normal diametrli bar barmağı ilə müqayisədə sulu zoğlardan olan bar barmaqlarında salxımın sayı çox olduğundan onların çəkisi nisbətən az olur.
Şamaxı Mərəndisi sortunda adi bar barmaqları  Gəncə şəraitində az məhsuldardır.
Sulu zoğlardan adi bar barmaqları saxlandıqda onların kəsilib atılan hissəsində embrional salxımlar daha çox olur. Bar barmağında onların 85-90% -də çiçək qrupları müşahidə edilmişdir
Çoxdan məlumdur ki, bar barmaqlarının uzunluğu artdıqca çox yerindən əyilməsi lazım gəlir. 8-10 gözcükdən ibarət bar barmağı yalnız bir yerindən əyilir. 14-16 gözcükdən ibarətbar barmağı da bir yerindən əyilir. Ancaq, birinciyə nisbətən ikinci vəziyyətdə açılmayan gözcüklərin miqdarı çox olur.
Bu baxımdan 14-16 gözcüyə kəsilən bar barmaqları mümkün qədər ikinci yerindən də əyilməlidir. 2.5-3 metr olan bar barmaqları 4-5 yerindən əyildiyindən onlarda açılmayan gözcüklərin miqdarı çox olmur.
Sulu zoğların əmələ gəlmə səbəbləri müxtəlifdir və bunlardan biri torpaqda qida maddələrinin normadan çox olması və tənəyin az yüklənməsidir. Bu kimi hallara becərmə sistemlərinin hamısında   rast gəlinir. Bizə tez-tez müraciət olunur ki, həyətdə bir çardağım var (xüsusilə şəhər yerində) onu yığıb-yığışdırmaq olmur, həyət-bacadan kənara çıxır, ancaq çox cüzi məhsul verir. Gedib baxanda görürsən ki, torpağa o qədər çürüntü verilib ki, çardaqda tənəyin zoğlarının çoxu sulu zoğlara çevrilib.
istər şpaledə, istərsə də çardaqda becərilən tənəyin çiçəkləri dişi tipli olduqda qida maddələri ilə zəngin olan torpaqlarda tənəkdə məhsul çox az olduğundan zoğlar sulu zoğlara çevrilir. Bu barədə saysız müşahidələrimizin yekunu olaraq qeyd edirik ki, Bayanşirə sortu Gəncəbasarda çox becərilir və onun az və çox noxudlanan variasiyaları əmələ gəlmişdir. XX əsrin 70-80-cı illərində geniş miqyasda üzümlüklər salınırdı. Fəhləyə tapşırılırdı ki, Bayanşirə sortundan əkin materialı tədarük etsin və eyni zamanda tapşırılırdı ki, diametri çox olan zoğlarından çubuq hazırlansın. Gilələri çox noxudlanan variasiyalarda zoğlar güclü olduğundan onlardan çubuq hazırlanırdı.

Üzümlükdə aprobasiya aparılmadığından çubuğu fəhlə birinci növbədə həmin tenəklərdən hazırlayırdı. Sulu zoğların əmələ gəlməsinin digər səbəbi yaşıl     zoğların sıxlıq şəraitində böyüməsidir. Respublika    üzümlüklərində şpalerdə 2-3 məftil olmuşdur. Bar barmaqları bir qayda olaraq birinci və ikinci məftilə bağlanmışdır. Çox güclü tənəklərdə çoxlu miqdarda əmələ gələn yaşıl zoğların hamısı ya ikinci və yaxud üçüncü məftilə bağlanmışdır. Zoğların hamısı bir məftilə yerləşdirildiyindən onlar sıxlıq şəraitdə böyümüş və çiçəklərinin çox qismini (80-90%-i) tökmüşdür, hətta belə şəraitdə yarpaqlar da tökülür və nəticədə normal zoğlar sulu zoğlara çevrilir.
Bu baxımdan suvarılan münbit torpaqlarda güclü böyüyən tənəklər üçün geniş fəzalı şpaler hazırlamışıq. Bu şpalerdə zoğlar, yarpaqlar və çiçək qrupları günəş şüası ilə görüşdüyündən çiçəklərin normadan çox tökülməsi və yaxud tamamilə tökülməsi halları aradan qaldırılır və zoğlar öz normallıqlarını saxlayır, yəni sulu zoğlara çevrilmir.

Uzun müddət sulu zoğu olan tənəklər güclü yerüstü hissəyə malik olur, ştambın diametri 1.5-2 defe adi tənəklərdən çox olur.
Diametri 20 mm-dən çox olan sulu zoğların aşağı gözcüklərindən çıxan zoğlar tamamilə barsız olur. Bu baxımdan belə zoğlar bar barmağı üçün mütləq olaraq uzun kəsilməli, qövs, yarım qövs və ziq-zaq şəkildə bağlanmalıdır.
İlk baxışdan adama elə gəlir ki, qövs və yarımqövs yalnız paya üsulunda mümkündür, ancaq bunların şaquli şpalerdə də mümkünlüyünə nail olmuşuq. Bir vaxtlar bic zoğlar tənəkdə parazit xarakterli orqan hesab edildiyi kimi, hazırda da sulu zoğlara münasibət təqribən belədir. Sulu zoğ olan tənəyi formalaşdırmamaq olar. Əgər bir tənəkdə bir uzun bar barmağı saxlanırsa ona forma lazım deyil. İki bar barmağı saxlandıqda isə onu Gyo prinsipi ilə formalaşdırmaq olar.

Müəllif: F.H. Şərifov




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ