TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

İSKƏNDƏRİYYƏ MUSKATI ÜZÜM SORTUNDA ÇİÇƏK VƏ GİLƏLƏRİ SEYRƏLDİLMƏSİ 

Üzüm bitkisində seyrək salxımlılıq süfrə üzümlərində daha çox rast gəlinir. Salxımın sıxlığı və seyrəkliyi əsasən sortun təbiətindən irəli gəlir, ancaq meteoroloji, üzvi.və fizioloji səbəblərin də salxımın müxtəlif dərəcədə seyrəkliyinə təsiri vardır. Çox sıxlıq və çox seyrəklik süfrə üzümlərinin salxımı üçün nöqsan hesab edilir. Hər iki halda salxım əmtəə görkəmini itirmiş olur. Süfrə üzümlərində birinci göstərici salxım və gilənin xarici görkəmidir. Təbii halda bu görkəm alınmadıqda əlavə tədbirlər hesabına onu almaq mümkündür. Belə bir xalq deyimini xatırlamaq yerinə düşər ki, "Italyanlar süfrə üzümünü əvvəlcə gözləri ilə yeyirlər ". Bu deyim süfrə üzümü üçün xalq tərəfindən ümumiləşdirilən tərifdir. Bu görkəmi almaq süfrə üzümçülüyünün ən ümdə vəzifələrindən biridir. Bu baxımdan süfrə üzümlərinin becərilmə texnologiyası ilə texniki sortların becərilmə texnologiyası arasında müəyyən fərqləndirici cəhətlər vardır. Bu fərqləri səciyyələndirən becərmə sistemləri və diferensial aqrotexnikadır. Becərmə sistemləri Və dayaq növləri və kollara verilən formalar aiddir. Gilələrin yaxşı rəng almasına dayaq növlərinin təsiri daha böyükdür. Çox isti yerlərdə günəş şüasının təsirindən gilələrin qabığında müxtəlif dərəcəli qarsalanmalar olur. Dayaq növünü düzgün seçməklə və fitotexniki tədbir olaraq yarpaqları müxtəlif dərəcədə seyrəltməklə bu nöqsanı aradan qaldırmaq olar. Çox isti yerlərdə yarpaqların seyrəldilməsi günəş şüasının təsirindən gilələrin qarsalanması üçün əlverişli şərait yaratdığından yarpaqlar seyrəldilməməlidir. Söhbət əsasən çiçək və gilələrin seyrəldilməsindən gedirsə bu tədbirin özü də süfrə üzümlərində salxım və gilənin xarici görkəminin yaxşılaşdırılmasına xidmət edir. Salxımın seyrəldiləsi ilə gilənin seyrəldilməsi başqa-başqa məfhumlardır. Bəzi sortlarda kolda salxımın miqdarı çox olduğundan salxım və gilə lazımı görkəm ala bilmir. Bu halda salxımların bir qismi hələ qönçə ikən qoparılmalıdır. Çiçək və gilə ikən qoparıldıqda xeyli qida itkisinə səbəb olur. Sultanin və iskəndəriyyə muskatı sortlarında çiçək  qrupları çox iri, bəzən 30-35 sm olur. Bizim şəraitdə bu çox iri çiçək qrupları normal giləli salxımlara çevrilmirlər. Ancaq Ağadayı, Riş-baba, çəhrayı Tayfi, Nimrəng, Parkent kimi sortlarda normal aqrofonda iri çiçək qrupları iri salxımlara çevrilə bilir. Kardinal sortunda da çiçək qrupları çox iri olur. Torpaq münbit, suvarılan və kollar güclü olduqda bu sortda da iri çiçək qrupları iri salxımlara çevrilir Ancaq iskəndəriyyə muskatı və Sultanində bizim şəraitdə (Gəncəbasarda) normal sıxlıqda salxım almaq üçün salxımların seyrəldilməsi mütləqdir. Əvvəla hər iki sortda kolda salxımın miqdarı çox olduğunda bütöv çiçək qrupları qoparılmalıdır, sonra isə saxlanmış çiçək qruplarının ayrı-ayrı hissələri, xüsusilə uc tərəfləri kəsilib atılmalıdır. Biz bunların hamısını etdikdən, hətta salxımın qanad və budaqlarının uc tərəfini qopardıqdan sonra normal görkəmli salxımlar ala bilmişik. Ola bilsin respublikamızın başqa regionlarında bunları etmədən normal salxımlar alınır. Ancaq Gəncədə üzüm tredinq LTD MMC-də və Xan  rda "Aqro- Azərinvestdə" salxımlar seyrəldilmədən göstərilən sortlarda normal sıxlıqda və gözəl xarici görkəmdə salxımlar almaq mümkün deyil. ABŞ-da da bu sortlarda çiçək qrupları və bunların ayrı-ayrı hissələri qoparılır.
Gilənin seyrəldilməsi çox sıx salxımı olan sortlara aiddir. Respublikamızın iki qiymətli sortlarından olan Təbrizi və Şamaxı mərəndisi üzüm sortlarında salxımlar sıx olduğundan onların görkəmi pisləşmiş olur. Onu da qeyd etmək lazımdır ki, bu kimi sortlarda gilələrin seyrəldilməsi müsbət nəticə versə də bu əməliyyatın özü də çox zəhmətlidir. Bu baxımdan həmin sortlarda çiçək vaxtı zoğların ucu qoparılmamalıdır. Təəssüflər olsun ki, süfrə üzümçülüyündə bu incə məqamlara heç vaxt əhəmiyyət verilmir. Bu və başqa səbəblərdir ki, bizdə süfrə üzümçülüyünün özünə məxsus nöqsanları vardır.

Müəlliflər: F.H. Şərifov,
S.Ş Abduləliyeva




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ