TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BAYANŞİRƏ 

Azərbaycanın yerli sortudur, orta dağlıq qurşaqda intişar tapmışdır. M.A.Lazarevskinin 1959-cu ildə çap etdirdiyi “Sorta vinoqrada” kitabında göstərilir ki, miqyasına görə Mədrəsə və Tavkveridən sonra üçüncü yerdədir. Görünür o vaxtlar Rkasiteli indiki qədər tanınmamış və yayılmamışdır. Hazırda isə Tavkveri yoxdur. İndi isə Rkasiteli, Təbrizi və Ağ şanıdan sonra dördüncü yerdədir. Sort qonşu respublikalarda, Özbəkistanda, Türkmənistanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, Dağıstanda, Rusiya Federasiyasında, Ukraynada və Moldovada müvəffəqiyyətlə becərilir. Kolları güclü böyüyəndir, güclü formalar, xüsusilə çoxqollu yelpik formasını tələb edir. Bar barmaqlarının uzunluğu 10-12 gözcükdən ibarət olmalıdır. Suvarılan münbit torpaqlarda bar əmsalı 2-dən çox olur. Ancaq üzümçülük üzrə mövcud ədəbiyyatda bar əmsalı 1 göstərilir. Barlı zoğların miqdarı 80-100%-dir. Cavan kollarda bir zoğda 2-3 salxım olur. Biz isə 4-5 salxıma da rast gəlmişik.
Bir məsələni qeyd etməyi lazım bilirik ki, vətəni Azərbaycan olan Bayanşirə sortu öz vətənində lazımınca öyrənilməmişdir. Bu vaxta qədərki mövcud yazılarda sort yüksək məhsuldar kimi göstərilir. Ancaq, bizim çoxillik tədqiqatlarımıza istinadən göstəririk ki, sort çox yüksək məhsuldardır. 1950-ci illərdə Özbəkistanda bu sortdan 1065 sentner (hektardan) məhsul alınmışdır. Biz isə 1980-ci illərdə 800-1000 sentner məhsul almışıq. Sortun çiçəkləri öz-özünü tozlayandır. Tamamilə noxudlanmayan, az və çox noxudlanan variasiyaları mövcuddur. Çox noxudlanan variasiya demək olar ki, təsərrüfat yararlılığını tamamilə itirmişdir. Salxımları konusvari və silindrik-konusvaridir. Orta irilikdə və iridir. Bəzən çox sıx salxımlara rast gəlinir. Bu sıxlıq cavan tənəklərdə çox olur. Salxımının çəkisi 180-190 qramdır. Bayanşirə üzrə mövcud yazıların hamısında onun sırf şərab sortu, bir-iki ədəbiyyatda isə universal sort olması göstərilir. 26 il müddətində Bayanşirə sortu ilə bağlı əsaslı tədqiqat işlərində müəyyən etmişik ki, onun 4-5 variasiyası vardır və bunların içərisində sırf şərab və sırf süfrə istiqamətliləri vardır. Bayanşirə sortundan yumşaq, yüngül və təravətli şərablar alınır.Ondan alınan konyak spirti tez yetişir, ancaq şampan şərabı isə tez qocalır.
Bayanşirə sortu dünyada üzüm sortları içərisində azlıq təşkil edən incilərdən biridir. Hələ keçən əsrin 80-ci illərində dərc olunmuş yazılarımızda göstərirdik ki, Bayanşirə sortunun hərtərəfli öyrənilməsinə bütöv bir institut səfərbərliyə alınmalıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ