İSKƏNDƏRİYYƏ MUSKATI ÜZÜM SORTUNDA ÇİÇƏK VƏ GİLƏLƏRİ SEYRƏLDİLMƏSİ

Üzüm bitkisində seyrək salxımlılıq süfrə üzümlərində daha çox rast gəlinir. Salxımın sıxlığı və seyrəkliyi əsasən sortun təbiətindən irəli gəlir, ancaq meteoroloji, üzvi.və fizioloji səbəblərin də salxımın müxtəlif dərəcədə seyrəkliyinə təsiri vardır. Çox sıxlıq və çox seyrəklik süfrə üzümlərinin salxımı üçün nöqsan hesab edilir. Hər iki halda salxım əmtəə görkəmini itirmiş olur. Süfrə üzümlərində birinci göstərici salxım və gilənin xarici görkəmidir. Təbii halda bu görkəm alınmadıqda əlavə tədbirlər hesabına onu almaq mümkündür. Belə bir xalq deyimini xatırlamaq yerinə düşər ki, “Italyanlar süfrə üzümünü əvvəlcə gözləri ilə yeyirlər “. Bu deyim süfrə üzümü üçün xalq tərəfindən ümumiləşdirilən tərifdir. Bu görkəmi almaq süfrə üzümçülüyünün ən ümdə vəzifələrindən biridir. Bu baxımdan süfrə üzümlərinin becərilmə texnologiyası ilə texniki sortların becərilmə texnologiyası arasında müəyyən fərqləndirici cəhətlər vardır. Bu fərqləri səciyyələndirən becərmə sistemləri və diferensial aqrotexnikadır. Becərmə sistemləri Və dayaq növləri və kollara verilən formalar aiddir. Gilələrin yaxşı rəng almasına dayaq növlərinin təsiri daha böyükdür. Çox isti yerlərdə günəş şüasının təsirindən gilələrin qabığında müxtəlif dərəcəli qarsalanmalar olur. Dayaq növünü düzgün seçməklə və fitotexniki tədbir olaraq yarpaqları müxtəlif dərəcədə seyrəltməklə bu nöqsanı aradan qaldırmaq olar. Çox isti yerlərdə yarpaqların seyrəldilməsi günəş şüasının təsirindən gilələrin qarsalanması üçün əlverişli şərait yaratdığından yarpaqlar seyrəldilməməlidir. Söhbət əsasən çiçək və gilələrin seyrəldilməsindən gedirsə bu tədbirin özü də süfrə üzümlərində salxım və gilənin xarici görkəminin yaxşılaşdırılmasına xidmət edir. Salxımın seyrəldiləsi ilə gilənin seyrəldilməsi başqa-başqa məfhumlardır. Bəzi sortlarda kolda salxımın miqdarı çox olduğundan salxım və gilə lazımı görkəm ala bilmir. Bu halda salxımların bir qismi hələ qönçə ikən qoparılmalıdır. Çiçək və gilə ikən qoparıldıqda xeyli qida itkisinə səbəb olur. Sultanin və iskəndəriyyə muskatı sortlarında çiçək qrupları çox iri, bəzən 30-35 sm olur. Bizim şəraitdə bu çox iri çiçək qrupları normal giləli salxımlara çevrilmirlər. Ancaq Ağadayı, Riş-baba, çəhrayı Tayfi, Nimrəng, Parkent kimi sortlarda normal aqrofonda iri çiçək qrupları iri salxımlara çevrilə bilir. Kardinal sortunda da çiçək qrupları çox iri olur. Torpaq münbit, suvarılan və kollar güclü olduqda bu sortda da iri çiçək qrupları iri salxımlara çevrilir Ancaq iskəndəriyyə muskatı və Sultanində bizim şəraitdə (Gəncəbasarda) normal sıxlıqda salxım almaq üçün salxımların seyrəldilməsi mütləqdir. Əvvəla hər iki sortda kolda salxımın miqdarı çox olduğunda bütöv çiçək qrupları qoparılmalıdır, sonra isə saxlanmış çiçək qruplarının ayrı-ayrı hissələri, xüsusilə uc tərəfləri kəsilib atılmalıdır. Biz bunların hamısını etdikdən, hətta salxımın qanad və budaqlarının uc tərəfini qopardıqdan sonra normal görkəmli salxımlar ala bilmişik. Ola bilsin respublikamızın başqa regionlarında bunları etmədən normal salxımlar alınır. Ancaq Gəncədə üzüm tredinq LTD MMC-də və Xan rda “Aqro- Azərinvestdə” salxımlar seyrəldilmədən göstərilən sortlarda normal sıxlıqda və gözəl xarici görkəmdə salxımlar almaq mümkün deyil. ABŞ-da da bu sortlarda çiçək qrupları və bunların ayrı-ayrı hissələri qoparılır.
Gilənin seyrəldilməsi çox sıx salxımı olan sortlara aiddir. Respublikamızın iki qiymətli sortlarından olan Təbrizi və Şamaxı mərəndisi üzüm sortlarında salxımlar sıx olduğundan onların görkəmi pisləşmiş olur. Onu da qeyd etmək lazımdır ki, bu kimi sortlarda gilələrin seyrəldilməsi müsbət nəticə versə də bu əməliyyatın özü də çox zəhmətlidir. Bu baxımdan həmin sortlarda çiçək vaxtı zoğların ucu qoparılmamalıdır. Təəssüflər olsun ki, süfrə üzümçülüyündə bu incə məqamlara heç vaxt əhəmiyyət verilmir. Bu və başqa səbəblərdir ki, bizdə süfrə üzümçülüyünün özünə məxsus nöqsanları vardır.

Müəlliflər: F.H. Şərifov,
S.Ş Abduləliyeva

İTALİYA ÜZÜM SORTU ÜÇÜN MÜVAFİQ FORMALAR

İtaliya üzüm sortu (eyni zamanda “İdeal”, “italiya muskatı” adlanır) İtaliyada seleksioner Piravano tərəfindən seleksiya yolu ilə alınmışdır. 1929-cu ildə Rusiyadan Bakıya gətirilmişdir. Ancaq sort həmin illərdə Abşeron şəraitində lazımınca öyrənilməmişdir. 1960-1970-ci illərdə onun calaq əkin materialı Xanlar və Samux ərazilərinə gətirilmişdir. Bu illərdə seleksioner A.H.Atakişiyeva tərəfindən sortun ampeloqrafiq xüsusiyyətləri öyrənilmişdir. 1990-cı ildə F.H.Şərifov tərəfindən Gəncədə fəaliyyət göstərən “üzüm tredinq LTD” MMC-də eksperimental üzümlük salınmışdır. Həmin illərdən etibarən sort üzərində tədqiqat işləri başlamışdır. 2003-cü ildən isə F.H.Şərifovun rəhbərliyi ilə “italiya üzüm sortunun aqrobioloji və təsərrüfat – texnoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işi üzərində işləyirik. Mövzuya daxil olan bölmələrdən biri də bu sort üçün müvafiq formaların seçilməsidir.
Sort təbiəti etibarı ilə güclü böyüyəndir. Güclü böyümə xüsusiyyətlərinə malik üzüm sortlarından çox qismi güclü formalarda daha yaxşı nəticələr verir. Məlumdur ki, üzüm bitkisinin məhsuldarlıq göstəricisindən birincisi onun güclü yer üstü hissə əmələ gətirmək qabiliyyətidir, yəni çoxlu miqdarda vegetativ orqanları olan kol məhsul üçün potensial imkanlıdır. Uyğun aqrotexniki üsullar bu potensial imkanlardan düzgün istifadənin açarını verir. Təcrübə apardığımız eksperimental üzümlükdə yüksək aqfofon olduğundan sort öz ampeloqrafik əlamətlərinə uyğun böyüyür və inkişaf edir.
Sortun kolları üçün sınaqdan keçirilən bir çox formalar içərisində kordon formasının müxtəlif modifikasiyalar daha yaxşı nəticələr vermişdir. Kordon formalarında çoxillik hissə çox olur. Məlumdur ki, üzüm bitkisinə çoxillik hissə “qida anbarı ” hesab edilir və ilk yarpaq və zoğlar birinciM növbədə çoxillik hissənin ehtiyat qidasından asanlıqla istifadə edir. Bundan başqa çoxillik hissəsi çox olan formalarda geniş fəza yaratmaq mümkündür. Suvarılan münbit torpaqlarda güclü böyüyən üzüm sortlarına geniş qida sahəsi verilməsi tələb olunur. Deməli bu qanunauyğunluqla hektarda bitkinin miqdarı azalır. Bu fonda bitkiyə güclü formalar verilməlidir ki, üzümlükdə torpaq və hava fondundan səmərəli istifadə edilsin. Suvarılan münbit torpaqlarda güclü böyüyən sortlara kiçik (zəif) formalar verdikdə üzüm bitkisi bir növ idarə olunmaz obyektə çevrilir. Ancaq sortun biologiyasına uyğun güclü formalarda kolda istənilən qədər (əlbəttə müəyyən həddə qədər) yük saxlamaq mümkündür.
İtaliya üzüm sortunda sınaqdan keçirdiyimiz formalardan ən uyğunu kombinələşmiş formadır. Forma quruluş etibarı ilə mürəkkəbdir. Onu hər üzümçü yarada bilməz. Ancaq səriştəli üzümçülər bu işin öhdəsindən asanlıqla gələ bilirlər. Forma təqribən iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə iki tərəfli üfüqü kordon, ikinci mərtəbədə yelpik durur. Belə formalar həm geniş fəzalı, həm də potensial imkanlıdır.
Bir mərtəbəli iki tərəfli üfüqü kordon və şaquli kordon formaları da sorta uyğun formalar sırasındadır. Asılan kordon daha aşağı göstəricilərlə nəticələnmişdir.

Müəllif: S.Ş Abduləliyeva

TİNGLİKDƏN TİNG ÇIXIMININ ARTIRILMA YOLLARI

Üzüm tingliyi elmi əsaslarla təşkil edildikdə onun iqtisadi faydası tezliklə üzə çıxır. İxtisaslaşdırılmış tinglik təsərrüfatlarında ting istehsalının elmi texnologiyasına əməl etmək mümkündür. Keyfiyyətli tinglə salınan üzümlükdə seyrəklik az olur, kollar tez formalaşır və tez bara düşür. Tinglikdə üzümçülüyün sort siyasətinə əməl etmək mümkündür, belə ki, elit ana bağları əsasən tinglik təsərrüfatlarından təşkil edilir. Üzümçülükdə elit ana bağları əsasən əkin materialı istehsalına xidmət edir. Elit ana bağları sort qarışığından, xəstəlik və zərərvericilərdən tam azad üzümlüklərdir. Yeni üzümlüklərin əkin materialı, elit ana bağlardan, bu olmadıqda isə I və II qrup üzümlüklərdən tədarük edilməlidir. Üzüm tingliyi növünə və həcminə görə müxtəlif olur. Bu müxtəliflik ən çox tingliyin növündə özünü göstərir. öz kökü üstündə becərilən, calaqla becərilən və kombinləşmiş tinglik təsərrüfatlarının hər biri özünə məxsus struktura malikdir. Tarixən öz kökü üstündə becərilən tingliklər mövcud olmuş və üzümçülüyün inkişafında əsas rol oynamışdı.
Dünya üzümçülüyündə filloksera böhranı başladıqdan sonra calaq becərən tingliklər inkişaf tapmış və üzümçülüyün inkişafında onların da rolu xüsusi qeyd edilməlidir. İstər öz kökü üstündə, istərsə də calaq ting istehsalında başlanğıc işlər düzgün qurulmalıdır. Hər iki növ tinglik təsərrüfatında anaclıqların olması, çubuq və ting saxlayan kameraların, calaq tinglikdə isə müasir calaq emalatxanaların olması vacibdir.
Çubuqlar birbaşa tingliyə əkilənə və calağa qədər elə saxlanmalıdır ki, onlarla koldan təzə kəsilmiş materialın keyfiyyətində fərq olmamalıdır. Tinglik üçün torpaq payızda şumlanmalıdır. Söz yox ki, şum altına lazımınca üzvi və mineral gübrələr verilməlidir. Əkin vaxtına qədər torpaq o dərəcədə işlənməlidir ki, ən iri kəltən qoz boyda (xüsusilə calaq tinglikdə) olmalıdır.
Öz kökü üstündə olan çubuqlar qəbul edilmiş qaydalar əsasında əkinə hazırlanmalıdır. Çubuqda aşağı kəsik təzə və buğumun altında olmalıdır, torpaqda qalan gözcüklər korlanmalı, bir və yaxud iki buğum arasında şırımlama aparılmalıdır. Bütün bunlar kök verməni sürətləndirir. Yaxşı olar ki, çubuqlar boy maddələrindən hazırlanmış məhlulda müəyyən müddət saxlansın. Çubuqlar torpağa əkildikdən sonra onların üstü 3-5 sm qalınlığında torpaqla örtülsün. Belə olduqda zoğvermə müəyyən müddətdə ləngidilir. İstər öz kökü üstündə olan, istərsə də calaqlar tingliyə hansı əkin sxemində əkilməlidir. Ting istehsalı üzrə uzun illər ərzində apardığımız eksperimental təcrübələrə görə torpağın tipini, münbitliyini, üzüm sortunu və ərazinin maillik dərəcəsini nəzərə alaraq mümkün qədər bitkilərin sıxlığını artırmaq lazımdır. Ənənəvi becərmə texnologiyasına görə bir hektar tinglikdə 100 000 bitki yerləşdirilir.
Bu cür texnologiyada torpaq fonduna , suvarma suyuna, becərmə işlərinə çəkilən xərclərə, xəstəlik və zərərvericilərə qarşı mübarizədə istifadə olunan dərman preparatlarına və onların tingliyə verilməsi xərclərinə qənaət olunur.Yaxşı olar ki, tinglikdən, ting çıxımı azı 80% təşkil etsin.
Fransada ting becərilməsi işləri tamamilə mexanikləşdirilmişdir. Bizdə isə yalnız torpaq becərmə işləri mexanikləşdirilmişdir. Ting istehsalının maya dəyərinin azaldılmasında becərmə işlərinin mexanikləşdirilməsinin böyük əhəmiyyət vardır.
Müəllif: F.H. Şərifov

ÜZÜM BİTKİSİNDƏ SULU ZOĞLARDAN İSTİFADƏ QAYDALARI

Üzüm bitkisinin zoğları müxtəlif mənşəli və müxtəlif adda olur. Mənşə etibarı ilə onlar əsas, əvəzedici, bic və yatmış tumurcuqlara aiddir. Bəri başdan qeyd etməyi lazım bilirik ki, bu məsələ heç bir yazılı mənbədə bu qədər əhatəli və özünəməxsusluqla izah edilməmişdir.

Bir qayda olaraq bu zoğların hamısı hər il az və çox dərəcədə üzüm bitkisində olur. Bunlardan yalnız sulu zoğlar üzüm bitkisində həmişə olmur. Əsas, əlavə, bic və haramı zoğların hər biri
özlüyündə sulu zoğa çevrilə bilər. Ancaq sulu zoğun ayrıca mənşəyi yoxdur. Sulu zoğlara belə
xüsusi münasibət bizim tərəfimizdən irəli sürülmüş və əsaslandırılmışdır. Üzümçülük üzrə mövcud ədəbiyyatda sulu zoğların adı çəkilir, ancaq onlardan istifadə mexanizmi verilmir.
Sulu zoğlara münasibətdə yalnız bir fikrin formalaşdığını qeyd edirik: tənəkdə sulu zoğların
olması həmin ildə yükün (gözcük və salxım) az olduğunu göstərir Diametri 12-13 mm-dən artıq
olan zoğlar sulu zoğlardır. Tənəkdə onların varlığı üzümçülər üçün arzu olunmazdır. Sulu zoğlann az məhsul verməsi də üzümçülər tərəfindən təsdiq edilmişdir. Ancaq, sulu zoğların məhsuldarlığının
artırılması yolları haqqında nə nəzəri, nə də praktiki fikirlər söylənməmişdir. Sulu zoğlar diametri böyük olduğu kimi, həm də çox uzun olur (6-20 metr). Bunlar adi bar barmağı uzunluğunda kəsildikdə çox az məhsul verir. Bu baxımdan da sulu zoğlar üzümçülərin arzu
etmədiyi məsələ kimi qalır.
Sulu zoğlara bu cür münasibətin elmi əsası yoxdur. Sulu zoğlarda osmos təzyiqi güclü olduğundan qida maddələri sürətlə zoğun yuxarı hissələrinə doğru hərəkət edir. Bundan başqa sulu zoğların
inkişafının ilkin vaxtlarında hüceyrə şirəsinin qatılığı az olduğundan onların əsasında olan
tumurcuqlarda provizor orqanları ya az olur və yaxud heç olmur.
Provizor orqanları əsasən 6-8-ci buğumlardan sonra çox əmələ gəlir. Bu məsələ üzrə təcrübə bizdə təsadüfən alınmışdır. Çox güclü böyüyən tənəyin qonşuluğunda boş yer olmuşdur. Bu
boşluğu doldurmaq məqsədilə güclü tənəkdən bir sulu zoğ ayırıb qonşuluqdakı boş fəzada
2.5-3 metr uzunluğunda kəsilən sulu zoğ məftilləri də ziq-zaq şəklində yerləşmişdir. Apardığımız uçot və müşahidələr göstərmişdir ki, bir sulu zoğda saxlanan 25-30 gözcükdən çıxan zoğların 85-90 % -i barlı olmuşdur. Sonrakı illərdə bu məsələni dəqiqləşdirmək məqsədi ilə Şamaxı Mərəndisi, Təbizi və Ağ kişmişi sortlarında əsaslı təcrübə qoyduq. Məlum oldu ki, hər üç sortda sulu zoğlardan uzun bar barmaqları saxladıqda onların məhsuldarlığı xeyli artmışdır. Şamaxı Mərəndisi hər iki sortdan güclü böyiidüyündən onun üstündə təcrübələri 6 il fasiləsiz olaraq davam etdirdik. Belə bir məsələ də aydınlaşdırıldı ki, əgər birinci və ikinci illərdə bir kolda sulu zoğlardan ibarət iki bar barmağı saxlanırdısa, sonrakı illərdə bir bar barmağı saxlanmışdır. Bu məsələdə heç vəchlə razılaşmaq olmaz ki, eyni zamanda həm adi bar barmaqları, həm də uzun bar barmaqları saxlanılsın.
Normal diametrli bar barmağı ilə müqayisədə sulu zoğlardan olan bar barmaqlarında salxımın sayı çox olduğundan onların çəkisi nisbətən az olur.
Şamaxı Mərəndisi sortunda adi bar barmaqları Gəncə şəraitində az məhsuldardır.
Sulu zoğlardan adi bar barmaqları saxlandıqda onların kəsilib atılan hissəsində embrional salxımlar daha çox olur. Bar barmağında onların 85-90% -də çiçək qrupları müşahidə edilmişdir
Çoxdan məlumdur ki, bar barmaqlarının uzunluğu artdıqca çox yerindən əyilməsi lazım gəlir. 8-10 gözcükdən ibarət bar barmağı yalnız bir yerindən əyilir. 14-16 gözcükdən ibarətbar barmağı da bir yerindən əyilir. Ancaq, birinciyə nisbətən ikinci vəziyyətdə açılmayan gözcüklərin miqdarı çox olur.
Bu baxımdan 14-16 gözcüyə kəsilən bar barmaqları mümkün qədər ikinci yerindən də əyilməlidir. 2.5-3 metr olan bar barmaqları 4-5 yerindən əyildiyindən onlarda açılmayan gözcüklərin miqdarı çox olmur.
Sulu zoğların əmələ gəlmə səbəbləri müxtəlifdir və bunlardan biri torpaqda qida maddələrinin normadan çox olması və tənəyin az yüklənməsidir. Bu kimi hallara becərmə sistemlərinin hamısında rast gəlinir. Bizə tez-tez müraciət olunur ki, həyətdə bir çardağım var (xüsusilə şəhər yerində) onu yığıb-yığışdırmaq olmur, həyət-bacadan kənara çıxır, ancaq çox cüzi məhsul verir. Gedib baxanda görürsən ki, torpağa o qədər çürüntü verilib ki, çardaqda tənəyin zoğlarının çoxu sulu zoğlara çevrilib.
istər şpaledə, istərsə də çardaqda becərilən tənəyin çiçəkləri dişi tipli olduqda qida maddələri ilə zəngin olan torpaqlarda tənəkdə məhsul çox az olduğundan zoğlar sulu zoğlara çevrilir. Bu barədə saysız müşahidələrimizin yekunu olaraq qeyd edirik ki, Bayanşirə sortu Gəncəbasarda çox becərilir və onun az və çox noxudlanan variasiyaları əmələ gəlmişdir. XX əsrin 70-80-cı illərində geniş miqyasda üzümlüklər salınırdı. Fəhləyə tapşırılırdı ki, Bayanşirə sortundan əkin materialı tədarük etsin və eyni zamanda tapşırılırdı ki, diametri çox olan zoğlarından çubuq hazırlansın. Gilələri çox noxudlanan variasiyalarda zoğlar güclü olduğundan onlardan çubuq hazırlanırdı.

Üzümlükdə aprobasiya aparılmadığından çubuğu fəhlə birinci növbədə həmin tenəklərdən hazırlayırdı. Sulu zoğların əmələ gəlməsinin digər səbəbi yaşıl zoğların sıxlıq şəraitində böyüməsidir. Respublika üzümlüklərində şpalerdə 2-3 məftil olmuşdur. Bar barmaqları bir qayda olaraq birinci və ikinci məftilə bağlanmışdır. Çox güclü tənəklərdə çoxlu miqdarda əmələ gələn yaşıl zoğların hamısı ya ikinci və yaxud üçüncü məftilə bağlanmışdır. Zoğların hamısı bir məftilə yerləşdirildiyindən onlar sıxlıq şəraitdə böyümüş və çiçəklərinin çox qismini (80-90%-i) tökmüşdür, hətta belə şəraitdə yarpaqlar da tökülür və nəticədə normal zoğlar sulu zoğlara çevrilir.
Bu baxımdan suvarılan münbit torpaqlarda güclü böyüyən tənəklər üçün geniş fəzalı şpaler hazırlamışıq. Bu şpalerdə zoğlar, yarpaqlar və çiçək qrupları günəş şüası ilə görüşdüyündən çiçəklərin normadan çox tökülməsi və yaxud tamamilə tökülməsi halları aradan qaldırılır və zoğlar öz normallıqlarını saxlayır, yəni sulu zoğlara çevrilmir.

Uzun müddət sulu zoğu olan tənəklər güclü yerüstü hissəyə malik olur, ştambın diametri 1.5-2 defe adi tənəklərdən çox olur.
Diametri 20 mm-dən çox olan sulu zoğların aşağı gözcüklərindən çıxan zoğlar tamamilə barsız olur. Bu baxımdan belə zoğlar bar barmağı üçün mütləq olaraq uzun kəsilməli, qövs, yarım qövs və ziq-zaq şəkildə bağlanmalıdır.
İlk baxışdan adama elə gəlir ki, qövs və yarımqövs yalnız paya üsulunda mümkündür, ancaq bunların şaquli şpalerdə də mümkünlüyünə nail olmuşuq. Bir vaxtlar bic zoğlar tənəkdə parazit xarakterli orqan hesab edildiyi kimi, hazırda da sulu zoğlara münasibət təqribən belədir. Sulu zoğ olan tənəyi formalaşdırmamaq olar. Əgər bir tənəkdə bir uzun bar barmağı saxlanırsa ona forma lazım deyil. İki bar barmağı saxlandıqda isə onu Gyo prinsipi ilə formalaşdırmaq olar.

ÜZÜM BİTKİSİNDƏN İKİNCİ MƏHSUL ALINMASI MƏQSƏDİ İLƏ BİC ZOĞLARINDAN İSTİFADƏ EDİLMƏSİ

Üzüm bitkisindən bir ildə bir neçə dəfə məhsul alınması həmişə insanların arzusu olmuşdur. Bu arzu üzüm bitkisinin təbii vəziyyətindən irəli gəlmişdir. Əksər hallarda təbii halda üzüm bitkisində ikinci məhsul olur. Çox vaxt bu məhsul tam qiymətli məhsul kimi ortalığa çıxmır. Üzüm bitkisində ikinci məhsulu yalnız bic zoğları verir. İnsanlar üzüm bitkisində bic zoğlarının məhsulunu çox qədim vaxtlardan müşahidə etmişlər. Ancaq bu məsələnin reallaşdırılmasının mexanizminə bələd olmadıqlarından istək və arzuya baxmayaraq çox vaxt ikinci məhsulu yetişdirmək mümkün olmayıb. Bu məsələnin müvəffəqiyyətli həlli üçün üzüm bitkisində bic zoğlarının biologiyasına bələd olmalı və ayrı-ayrı üzüm sortlarının bic zoğlarının məhsul vermə qabiliyyətini bilmək lazımdır.
Bic zoğlarının nəzəri və praktiki tərəfləri üzrə aparılan tədqiqat işləri göstərir ki, tənəyin həyatında onlardan səmərəli istifadə etmək mümkündür. 1940-1950-ci illərdə özbək alimi F.B.Bəşirov bic zoğlarının yüksək həyatilik qabiliyyətindən istifadə edərək üzüm bitkisinin sürətlə formalaşdırılmasına və vaxtından qabaq məhsula salınmasına nail olmuşdur. Bu məsələyə görə o vaxtlar ona yüksək Dövlət Mükafatı verilmişdir.
Respublikamızda bu məsələyə dair aparılan tədqiqat işləri və yazılan materiallar cüzi və epizodik xarakter daşımışdır. Bir çox sortlar üzrə apardığımız tədqiqat işləri göstərmişdir ki, respublikamızdakı mövcud gətirilmə və yerli sortların bir qisminin bic zoğlarının məhsul vermə qabiliyyəti vardır. Hətta Ağ şanı, Şamaxı Mərəndisi, Bayanşirə, Xindoğnı, Rkasiteli, Qaraburnu, Saperavi, İzabella və bir sıra fransız sortlarının bic zoğlarının yüksək məhsul vermə qabiliyyəti vardır. Goranboy rayonunun Xan Qərvərid kəndində yerli əhali izabella sortunun ikinci dərəcəli bic zoğundan 3-cü məhsulu ala bilirlər, ancaq bu məhsul lazımınca yetişmir.
1970-ci illərdə Cəlilabad rayonunda Aş şanı sortunun 3-cü və 4-cü məhsulunu müşahidə etmişik, ancaq onların da heç biri yetişdirməmiş olmuşdur.
Respublikamız şəraitində 2-ci məhsulu tam şəkildə yetişdirmək mümkündür, bu şərtlə ki, zoğların ucu vaxtında qırpılsın və çiçək qrupları vaxtında əmələ gətirilsin. Bu məsələ üzrə apardığımız tədqiqatlara görə 2-ci məhsul üçün əsas zoğların ucu mayın 1-ci dekadasının axırları və 2-ci dekadasının əvvəlləri optimal müddət hesab edilir. Əslində adi hallarda 2-ci məhsul alınmasına səy göstərilmir. Təbii fəlakətdən və xəstəliklərdən 1-ci məhsulunu itirən tənəklərdə bu məsələ ilə ciddi məşğul olunur. 1-ci məhsul kolun üstündə ola-ola ikinci məhsulun alınması bitkinin ümumi vəziyyətinə mənfi təsir göstərir. Deməli, üzüm bitkisindən ikinci məhsul alınmasının xüsusi texnologiyasını bilmək tələb olunur.
Müəllif: F.H. Şərifov

YENİ ÜZÜM SORTUNUN QEYRİ-ADİ BİOLOJİ XÜSUSİYYƏTLƏRİ

Dünyada elə üzüm sortları vardır ki, bu və ya digər xüsusiyyətləri ilə başqa sortlardan kəskin fərqlidir. Bu fərqlər müxtəlif xarakterlidir: Çox güclü böyüyən, çox zəif böyüyən, çox yüksək məhsuldar, çox az məhsuldar, çox yüksək şəkər toplayan, çox az şəkər toplayan, şaxtaya, quraqlığa, xəstəliklərə çox və az dərəcədə davamlı və s. Cəfəri şasla ilə digər sortların yarpaqlarının formasında və kəsimliyində kəskin fərq vardır, məsələn, cəfəri şaslanın yarpaqları heç üzüm yarpaqlarına oxşamır. Mərməri kişmişinin yeni əmələ gəlmiş ağ-sarı rəngli dilələri yetişmiş dilə rəngindədir.
Seleksiya yolu ilə aldığımız və dövlət sort sınağı komissiyası tərəfindən təsdiq edilmiş Nail üzüm sortunun budaqlanmasına oxşar sort demək olar ki, heç yoxdur. Əgər olmuş olsaydı üzümçülük haqqında yazılı mənbələrdə və təsvirlərdə heç olmazsa epizodik də olsa yazılmış olardı. Ümumiyyətlə bitki aləmində üç cür budaqlanma mövcüddur: monopodial, simpodial, və dixotomik. bunlardan ikisi: monopodial və simpodial budaqlanmalar üzüm bitkisində vardır, dixotomik budaqlanma isə meşə və dekorativ bitkilərində rast gəlinir. Bu vaxta qədərki üzümçülük üzrə mövcud ədəbiyyatda üzüm bitkisində dixotomik budaqlanma haqqında heç bir yazıya rast gəlinmir.
Bu sortu biz yaradarkən qarşıya məqsəd qoymamışdıq ki, onun bu cür budaqlanması olsun. Ancaq onu deməyi lazım bilirik ki, sortun valideynlərindən biri olan Ağadayıda bizim üzümlükdə tək-tək dixotomik budaqlanmaya rast gəlinir.
Nail sortundan olan kolların hamısında yaşıl zoğların 30-40 faizində (tək-tək kollarda55-60%) dixotomik budaqlanmadır. Təbiətdə buna bənzər dəyişkənliklər baş verir və bundan sonra da baş verə bilər. Əgər bunlar xeyirli və zərərli olmasa insan (üzümçü) bu qədər də onu diqqətdə saxlamaz. Sanki belə budaqlanma salxımların sayının artırılmasına xidmət edir. Dixotomik budaqlanan zoğlarda budaqlanmaya ‘ qədər əsasən bir salxım olur. Bəzən bir mənşədə, yəni bir salxımın yerində hər birinin sağlam saplağı olan iki salxım olur. Belə salxımlara dixotomik budaqlanan zoğlarda da rast gəlinir. Dixotomik budaqlanan hər bir zoğ özünü müstəqil zoğ kimi Beləliklə, tək-tək zoğlarda salxımların sayı 6-8-ə çatır. Diqqəti çəkən əlamətlərdən biri də odur ki, zoğların əksəriyyətində tək-tək buğumlarda 5-dən 9-a qədər müxtəlif adda orqanlar olur. Çox halda bu orqanlardan biri və yaxud ikisi salxım olur.
Bəzən belə olur ki, dixotomik budaqlanmış zoğlardan birində yenidən bu dixotomiya baş verir. Ümumilikdə salxımların sayı Bayanşira sortu ilə müqayisədə bu sortda çox olur. Məlumdur ki, hər bir üzüm sortunun salxımları xarakterik əlamət olaraq bir formadadır. Ancaq bu sortda üzüm sortlarında rast gəlinən xarakterik formaların hamısı olur: silindrik, konusvari, qanadlı, budaqlı və s.
Bu baxımdan Nail üzüm sortunda baş verən əlamət dəyişkənliklərini qeyri-adi hesab edirik. Bir cəhəti də qeyd etmək lazımdır ki, hələ çiçək ikən salxımların bir qismi qoparılıb atılmadıqda onları yetişdirməyə kolun enerjisi çatmır. Bu əlamətlər stabil olmayıb ən çox cavan və güclü kollarda olur. Kol qocaldıqda və zəiflədikdə göstərilən əlamətlər adiləşir.

Müəllif: F.H. Şərifov